Azərbaycan güləş ölkəsidir. Bu idman növündə bacarıqlı, dünyaca tanınan, titullu pəhləvanlarımız olduğu kimi onların davamçıları da yetişməkdədir. İstedadlı gələcək nəsil artıq uğurları sıralamaqdadır. Perspektivinə böyük ümidlər bəslənən güləşçilər arasında Turan Bayramovu nümunə göstərmək olar.
Son zamanlar Gəncə güləş məktəbinin ən çox bəhs edilən simalarından olan Turan ötən 1 il ərzində yeniyetmələr arasında mümkün olan bütün mükafatları qazanıb. O, Avropa, dünya və olimpiya çempionu olmaqla həm ölkədə, həm dünyada adından söz etdirməyi bacarıb. Sərbəst güləşçi öz həmyaşıdları ilə yanaşı, 2018-ci ildə böyüklərin Azərbaycan çempionatında da gücünü sınayıb və qızıl medala yiyələnib. Bayramov bununla da həmyerlisi Toğrul Əsgərov kimi kişilər arasında ölkə çempionluğu yaşayan ən gənc güləşçilərdən olub.
Turan Bayramovun çıxış etdiyi 65 kq dünyada ən rəqabətli çəki dərəcələrindəndir. Bu çəkidə onun yerli arenada ən böyük rəqibi isə təbii ki, 3 qat dünya çempionu Hacı Əliyevdir.
Gələcəyin olimpiya çempionu gözü ilə baxılan Turan Bayramov adlı-sanlı həmkarlarının onun haqda dediyi fikirləri yüksək qiymətləndirir.
Bu ildən gənclər arasında qüvvəsini sınamağa başlayan Turan Bayramov bu yaş kateqoriyasında ilk tituluna İspaniyada sahib çıxıb. 18 yaşlı idmançı Priney yarımadasında Avropa çempionu olub. Qarşıdakı isə onu dünya birinciliyi gözləyir.
Orxan Cəfərzadə
- Baxış: 1171