Faydasını saymaqla bitirə bilmədiyimiz bal əksəriyyət üçün əvəzsiz qidadır. Sözsüz ki, burada söhbət təbii baldan gedir. Çoxlarımızın ayırd etməkdə çətinlik çəkdiyimiz təbii arı məhsulu. Bəs, görəsən aldığımız məhsulun saxta olmadağına necə əmin ola bilərik? Ümumiyyətlə, bu sadə metodlarla mümkündürmü?
Seçim zamanı tərkibinə tam da əmin olmadığımız qida məhsullardan biri də baldır. Maraqlıdır, niyə? İnsanlarda həmin məhsulun keyfiyyətli olub-olmamasına qarşı bu qədər inamsızlıq, şübhə fikri hardan formalaşıb? Bazarda “təbii bal” adı altında saxta arı məhsullarından kifayət qədər yer alması yoxsa başqa səbəbdən dolayı?
İlqar Rəhimov - Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: “Keçmişdə arılar əsasən, səbətdə, godda saxlanılıb. Və bu gün hələ də insanlarda belə bir təsəvvür var ki, ekoloji təmiz bal yalnız goddardan, o kötüklərin içində olan arılardan alınır. Əslində bu gün müasir çərçivəli pətəklərdən də god balı almaq mümkündür. Çox sadədir. Çərçivəyə 1sm istiqamət verilir və nəticədə arılar onu təbii olaraq, toxuyurlar”.
Tərkibində kimyəvi maddələrin rast gəlindiyi bal ekoloji təmiz məhsul hesab olunmur. Həmin qatqıların təsərrüfat sahibləri tərəfindən arılara verildiyini nəzərə alsaq, burdan insan müdaxiləsi olmadan hazırlanan balın daha keyfiyyətli olduğu qənaətinə gəlmək məntiqlidir.
İlqar Rəhimov - Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: “Onların qarın nahiyəsinin altında 4 cüt mum vəziləri var. Arı çiçək tozu, güləmlə qidalanaraq, orada mum ifraz edir və təbii pətək toxuyur. Təbii pətəyə də bal yığıb, ağzını möhürləyir. Bu cür bal isə 100% ekoloji təmiz məhsul hesab olunur. Çünki orda heç bir insan müdaxiləsi yoxdur”.
İnsanlar balı tanıyıb, etibar etdiyi arıçıdan aldıqları halda, yanılmaq riskini minimuma endirə bilərlər. O ki, qaldı onu təbii olub-olmamasını sonradan müəyyən etməyə..
İlqar Rəhimov - Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: “Heç bir insan, heç bir arıçı hətta 40-50 il praktikası olan bir arıçı belə, balı tanıya bilməz. Primitiv üsullarla balın təmiz olub-olmadığını yoxlayırlar. Biri balı qaşıqla çəkir uzadır, biri balı yandırır, biri balı krem kimi əlinə sürtür. Bu üsullar qəbul olunmaz qaydalardır. Balın yoxlanma ünvanı yalnız və yalnız laboratoriyadır”.
Balın adi şəraitdə yalnız dadını və qoxusunu ayırd etmək olar. Antibotiklərlə, bəzi kimyəvi maddələr ilə çirklənən arı məhsulunu sırf laboratoriya şəraitində test etmək mümkündür. İstənilən halda, ta başdan, seçimdə diqqətli olmaq lazımdır ki, sonradan təmiz balı hansısa dırnaqarası metodlarla yoxlamaq barədə düşünməyək.
- Baxış: 897