• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 13.05.2019 12:10

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Şəmkirdə

KepezTV Player

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Şəmkir rayonu olub. Festival bölgələrin mədəni həyatı, kollektivlərinin yaddaqalan çıxışları, yerli mətbəxi, ənənələrinin nümayişi ilə yadda qalıb.

Mədəniyyət bayramında şəmkirli rəssamların əl işləri xüsusi guşədə sərgilənib. Eyni zamanda taxta və oyma, toxuma, heykəltəraş və digər yaradıcılıq nümaunələri maraqla qarşılanıb. Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar kitab guşəsi də qurulub. Müxtəlif regionların xaraketinə uyğun metal işləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib.

Şəlalə Tağıyeva - festival iştirakçısı: Artıq altıncı rayondur ki, bu festivalda iştirak edirik. Azərbaycan milli adət-ənənələrini yaşatmaq, gələcək nəsillərə çatdırmaq üçün səylə çalışırıq. İnanırıq ki, bizim milli mədəniyyətimiz tarixi köklərə əsaslanaraq min illər boyu yaşayacaq və gələcək nəsillər bu adət-ənənəni davam etdirəcək. Biz çox şadıq ki,  regionların mədəniyyət işçiləri ilə işbirliyi qururuq.

Mayıl Əliyev - festival iştirakçısı: Biz burada İsmayıllı Regional Mədəniyyət İdarəsini təmsil edirik. Regional İdarəyə beş rayon - İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı və Qobustan daxildir. Biz burada İsmayıllı rayonunun Lahıc qəsəbəsində istehsal olunan mis məmulatları, Basqal kəlağayısı və Qəbələdə istehsal olunan taxta oymaları nümayiş etdiririk. 

Yaradıcılıq festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Cavanşir Pirverdiyev - mədəniyyət işçisi: Xaçmaz kimi rayonlarla biz o qədər əlaqədə olmurduq. Bu gün onlar bizim qonağımızdır. Biz də  bu festival çərçivəsində orada qonaq olmuşuq. Beləliklə bütün mədəniyyət əlaqələrimiz genişlənib.

İsax Əliyev - festival iştirakçısı: Bu gün Şəmkir Regional Mədəniyyət İdarəsinin Daşkəsən rayon nümayəndəliyi kimi “Bölgələrdən  Bölgələrə” yaradıcılıq festivalında iştirak edirik. Biz də Daşkəsən rayonunun mədəniyyət nümunələrini, adət-ənələrini nümayiş etdirib tanıtmağa çalışırıq.

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradır. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açır.

 

Natiq Hüseyn