Gəncədə “Aqrar Kredit və İnkişaf Agentliyinin”, dünya bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində bitki mühafizəsi üzrə birinci milli konfrans keçirilib. Konfransda əsas diqqət bitki mühafizəsində kimyəvi mübarizə üsullarını azaltmaq, daha çox bioloji mübarizə üsullarına üstünlük verməyə yönəldilib. Ölkəmizdə bitki sağlamlığı və mühafizəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışılıb. Azərbaycan Dövlət Aqrar Universitetində açılan bitki mühafizəsi ixtisasının əhəmiyyətinə toxunulub, bitki mühafizəsində innovativ metodlardan sayılan, idarə olunan inteqrir mübarizə üsullarının üstünlükləri yüksək qiymətləndirilib. Bitki mühafizəsi üzrə birinci milli konfransın iştirakçıları Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat institutunda olaraq burada yeni yaradılan,”Kənd təsərrüfatı bitkilərində zəhər qalığının təyini” və “Bitkilərdə bioloji üsul” laboratoriyalarının açılışda iştirak ediblər. Laboratoriyalarda quraşdırılan müasir avadanlıqlar aparılan müayinə və yoxlamaların standartlara uyğun həyata keçirilməsini təmin edəcək.
- Baxış: 578