Kata və kumite üzrə düzənlənən yarış yerli Olimpiya İdman Kompleksində reallaşıb.
Gəncə Avropanın İdman şəhəri titulu adı altında keçirilən birinciliyin rəsmi hissəsində karatenin ölkəmizdə ən populyar idman növlərindən olduğu, Azərbaycan idmançılarının dünya, Avropa çempionatlarında və müxtəlif beynəlxalq turnirlərdə kifayət qədər medallar qazandığı diqqətə çatdırılıb. Karatenin 2020-ci il Tokio Olimpiya Oyunlarının Proqramına daxil edilməsindən sonra bu döyüş növünə marağın daha da artırdığı bildirilib.
Açılış mərasimində sonra mübarizələrə start verilib. Uşaq və yeniyetmələrin qüvvəsini sınadığı yarışda 130-a yaxın karateçi bacarığını göstərib. Açıq birincilikdə Gəncəylə yanaşı, Göygöl, Samux və Şəki təmsilçiləri də medallar uğrunda döyüşlərdə iştirak edib. Tatami üzərinə 25-70 kq arası çəki dərəcələrində olan karateçilər çıxıb.
Cari birincilik iyunun əvvəlində Nizami yurdunda keçiriləcək daha nüfuzlu turnirə hazırlıq xarakterli olub. Beynəlxalq status daşıyacaq həmin yarış çərçivəsində əcnəbi karateçilər də Gəncəyə təşrif buyuracaq.
Birinciliyin yekunlarına əsasən, əldə olunan medalların sayına və əyarına görə Gəncə komandası 1-ci olub. Samux 2-ci, Şəki kollektivi isə 3-cü yerə layiq görülüb.
Orxan Cəfərzadə
- Baxış: 516