• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 05.04.2019 16:26

FİDE rəhbərliyi Şəmkirdə önəmli açıqlamalar verib

KepezTV Player

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir superturnirini izləmək üçün Azərbaycanda olan Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç mətbuat nümayəndələri ilə görüşdə önəmli açıqlamalar verib. FİDE prezidenti seçildikdən sonra qısa müddətdə ikinci dəfə ölkəmizə səfər edən Dvorkoviç bu qurumun, eləcə də Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədovla birgə mətbuat konfransında ilk olaraq Şəmkir yarışının səviyyəsindən danışıb.

Ənənəvi superturnirin yüksək səviyyədə təşkil olunduğunu deyən 47 yaşlı rusiyalı şahmat funksioneri iştirakçılar arasında ciddi rəqabətin getdiyini söyləyib.  Arkadi Dvorkoviç rəhbərlik etdiyi qurumda bir sıra yeniliklər etmək istədiklərini bildirib.

Arkadi Dvorkoviç - Beynəlxalq Şahmat Federasiyasının prezidenti  “Dəyişikliklər hər zaman konfrans yolu ilə təsdiqlənir və qərarlar bu yolla verilir. Verdiyim sözləri yerinə yetirmək üçün güclü komandamız olmalıdır. Bunun üçün bir çox güclü qrossmeysteri komandaya cəlb edirik və şahmatı bütün dünyada daha da sevdirməkdən ötrü əlimizdən gələni edirik. Şirkətlərlə müqavilələr imzalayırıq. Hazırda bir proqram üzərində çalışırıq. Bütün məlumatları internet vasitəsi ilə əlçatan olması üçün həmin bazada yerləşdirəcəyik”.

Dvorkoviç dünyanın hər yerində şahmat məktəblərinin açılmasını və FIDE-nin daxilində rəsmi vəzifələrin az azı 25 faizini qadın əməkdaşların tutmasını arzuladığını vurğulayıb.

Ali şahmat qurumunun vitse-prezidenti Mahir Məmmədov isə Azərbaycanın qadınlar arasında Qran-pri yarışını təşkil etməsi üçün danışıqların aparıldığını deyib. O, 2019 və 2020-cu illər üçün belə turnirin bir mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələrin getdiyini əlavə edib.

Məmmədovun sözlərinə görə, Azərbaycan Şahmat Federasiyasının  rəsmiləri yenidən formalaşan FIDE-nin müxtəlif strukturlarında yer almaqdadırlar. Qurum rəsmisi həmçinin iyunun sonlarında Bakıda Beynəlxalq Şahmat Federasiyasının Prezident Şurasının iclasının keçiriləcəyini söyləyib.

Qeyd edək ki, Şəmkirdə keçirilən turnirlərə FİDE prezidentlərinin gəlişi artıq xoş ənənəyə çevrilib. Belə ki, əvvəlki illərdə qurumun sabiq rəhbəri Kirsan İlyumjinov Vuqar Həşimovun xatirə yarışını izləmək üçün Şəmkirdə olub.

 

Azad Rəfi