• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 27.03.2019 16:14

Gəncədə Milli Elmlər Akademiyasının şəhər bölməsi ilk dəfə elm gününü qeyd edib

KepezTV Player

Gəncənin elmi ictimaiyyəti bu gün bir arada idi. Toplaşdıqları məkan da elə elmi nəaliyyətləri ilə seçilən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi idi. Elm adamlarının danışmağa sözü çox olsa da, bir məqsədləri var idi - Elm gününü qeyd etmək.
 

Gəncədə Milli Elmlər Akademiyasının şəhər bölməsi, 3 universitet, 4 elmi tədqiqat institutunda çalışan 2 akademik, 51 elmlər doktoru, 560 fəlsəfə doktoru bu gün ilk dəfə elm gününü qeyd edib. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən 27 mart - Elm Günü Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatları sürətləndirmək, beynəlxalq elmi əməkdaşlığı dərinləşdirmək, elmin çağırışlarını yerinə yetirməyə imkan yaradan qanunvericilik bazasını möhkəmləndirmək məqsədi daşıyır. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində bu münasibətlə baş tutan elmi-praktiki konfransda qərb bölgəsində elmi yeniliklərin müzakirəsi aparılıb, gənclərin elmin müxtəlif istiqamətləri üzrə araşdırmaları təhlil olunub, görüləcək işlərə nəzər salınıb.

Elnur Həsənov - gənc alim, Elm üzrə Prezident mükafatçısı: Son illər elmimizə, təhsilimizə göstərilən diqqət və qayğının nəticəsidir ki, gənc tədqiqatçılar elmin ən mühüm, innovativ, müasir dövr üçün aktual sahələrdə dissertasiya işləri müdafiə edirlər. Bu proses tək paytaxta yox həm də regionlarda həyata keçirilir. O, cümlədən Gəncə şəhərində də statistik nəzər salsaq, istər humanitar sahədə istər texniki sahədə müdafiə olunan dissertasiyaların sayı 1,5 dəfə artmış, elmi dərəcəli gənc alimlərin sayı 2 dəfə yüksəlmişdir.

Gənc alimlərin elmi araşdırmalarının aparılmasında Milli Elmlər Akademiyasının Gəncə bölməsi əsas rol oynayır. Mövcud elmi potensial və güclü maddi texniki baza buna imkan verir.

Fuad Əliyev - AMEA-nın Gəncə bölməsinin sədri: Bu gün Gəncəmizdə elmi sahədə görülən işlər əsasən regionun problemlərinin həlli ilə bağlıdır. Və görülmüş işlər innovativ texnalogiyalar əsasında, sənayenin tətbiqində əsas götürülür. Gəncə adətən aqrar elm sahəsində böyük inkişaf tapmış və uzun illər burada görkəmli alim və akademiklər yetişib.

Konfransda” İlin ən fəal qadın alimi”, “ İlin ən gənc tədqiqatçısı” müsabiqəsinin qaliblərinə, elm sahəsində fərqlənənlərə fəxri fərman və hədiyyələr təqdim olundu.

İlahə Cəfərova - gənc alim: Mənə verilən ada, mənə verilən qiymətə görə öz təşəkkürümü bildirirəm. Gələcəkdə də öz uğurlarımın inkişaf etdirilməsi üçün əlimdən gələni edəcəm. Elmin, tərəqqinin inkişafında öz səylərimi əsirgəmiyəcəm.