• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 08.03.2019 15:38

Zərif və güclü qadın - Rəfiqə Sadıqova

KepezTV Player

Rəfiqə Sadıqova ailəsinin və peşəsinin ağır yükünü uzun illərdir məsuliyyətlə çiyinlərində daşıyan qadınlardandır. Ömrünü ən çətin və şərəfli peşələrdən biri olan jurnalistikaya həsr edən Rəfiqə xanım demək olar ki, bu sahənin bütün keşməkeşli yollarından keçib. 1976-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1996-cı ildən isə Yazıçılar birliyinin üzvü olan qələm sahibi, bir çox mükafatlara layiq görülüb. Peşəkar jurnalist Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medalçısı və Prezident mükafatçısıdır.

Rəfiqə Sadıqova - “Gəncənin səsi” qəzetinin baş redaktoru: Mükafatlar sözsüz ki, sevinc gətirir insanın ömrünə, həyatına. Hər halda mükafat almaq xoşdur. Mən 1982-ci ildə Qızıl Qələm mükafatına layiq görülmüşəm. Mənim ən yadımda qalan məqam o oldu ki, böyük bayram tədbiri oldu. Və orada ulu öndər Heydər Əliyev məni təbrik elədi.

70 illik ömrünə sığdırdığı çox saylı mükafatlar yüksək peşəkarlığın nümunəsi ilə yanaşı həm də Azərbaycan qadının əzmindən xəbər verir.

Rəfiqə Sadıqova - “Gəncənin səsi” qəzetinin baş redaktoru: Bu gün Azərbaycan qadınının üzərinə çox böyük vəzifələr düşür. Cəmiyyət üçün birinci növbədə ləyaqətli övladlar böyütmək, milli mənəvi dəyərlərimizi qorumaq, bizi yaşadan o dəyərlərimizi övladlarımıza aşılamaq və onlara öyrətməkdir. Və əsas məsələ dilimizin saflığını qorumalıyıq.

Bədii yaradıcılıqla da məşğul olan Rəfiqə Sadıqova “Dünya beş günlük deyil”, “İkinci toy” və “Nigaran qalacağam” romanlarının, “Yarımçıq səadət” sənədli povestin müəllifidir. Müəllifi olduğu “Gecikmiş etiraf” və “Lalə əfsanəsi” hekayələri isə ingilis dilinə tərcümə edilərək Amerika oxucularına təqdim edilib. Bu günlərdə 70 yaşı tamam olan qələm sahibi, bu gündə ilk günki kimi həvəslə öz peşəsini icra edir.

 

Elton Cabbarlı