• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2063
— 16.02.2019 14:08

Şəmkirin Şiştəpə kəndinin sakinləri susuzluqdan əziyyət çəkir

KepezTV Player

Şəmkirin Şiştəpə kəndində sakinlərin çətinliyi var – özü də sudan. Amma kənddə su var. Bəs problem nədədir, əməkdaşımız Natiq Hüseyn araşdırıb.

Minayə Xəlilova – sakin: İki qab əlimdə qoca arvad 70 yaşımda su daşıyıram. Bizim nə kəhrizimiz yoxdu nədə içməli suyumuz.

Şəmkirin ən böyük kəndlərindən biri olan Şiştəpədə sakinlər içməli sudan çətinlik yaşayır. 6000 mindən çox əhali kəndin girişindəki bircə bulağın ümidinə qalıb. Bulaqdan da su götürmək üçün gərək saatlarla növbədə dayanasan.  

Əvəz Alıyev – sakin: Camaata dolanmaq üçün su lazımdır. Susuz həyat varmı. Ancaq sudur həyat verən. O da bu kənddə yoxdu. 3 kəhriz var idi.

Vətəndaşların sözlərinə görə geridə qalan illər ərzində müxtəlif instansiyalara dəfələrlə yazılı müraciət ünvanlayıblar. Ancaq bu günədək onların müraciətləri müsbət həll edilməyib.

Bayram Hüseynov – sakin: Konkret olaraq Azərsuya müraciət etmişəm. Müavinin qəbulunda olmuşam. Deyib get müəllim  yaxın günlərdə tədbir görüləcək. Ancaq 2-3 ildi heç bir tədbir görülməyib. Layihə inistitutunda omuşam. Deyiblər get tədbir görüləcək. Gəlmişik heç bir tədbir görülməyib.

Qoçu Xəlilov – sakin: Bu kənddə qoca var xəstə var uşaq var. Xeyr var şər var. Su da olmayanda heç cür yaşayış yoxdur.

Sakinlər içməyə su tapmasalar da kəndin ərazisində işlək vəziyyətdə olan 40-dan çox subartezian quyusundan məişətdə istifadə edirlər. İçmək üçün suyu isə xüsusi maşınlardan alırlar. Vəziyyətdən kənd icra nümayəndəliyi xəbərdar olsa da  həll yolu hələ ki, tapılmır.

Pərviz Əvəzli - Şiştəpə kənd icra nümayəndəsi: Bəli bizə də müraciətlər olub. Biz də bununla bağlı rayon rəhbərliyinə məlumat vermişik. Rayon rəhbərliyi də aidiyyatı üzrə qurumlara məsələ ilə bağlı məlumat verib. Tezliklə bu problem öz həllini tapacaq. 

Məsələyə Azərsudan da münasibət öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı kəndin onların xidmət sahəsinə aid olmadığını desə də kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində Şiştəpəyə də yeni su xəttinin çəkiləcəyini istisna etmədi. 

 

Natiq Hüseyn