• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 13.02.2019 14:51

Səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilatçıları bayramlarını qeyd edirlər

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü bölgələrdə bir sıra tədbirlərlə qeyd edilib. Xidmətin bir qrup əməkdaşı mükafatlandırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə Xidmətin Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin eləcədə Kəlbəcər rayon bölməsinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət edib. Keçirilən mərasimdə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Xidmətin ən mühüm vəzifələrindən birinin - həqiqi hərbi xidmətə çağırışın müvafiq qaydada təşkilindən danışılıb. Ötən 7 ildə səfərbərlik hazırlığı və səfərbərlik işinin təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlərin görüldüyü vurğulanıb. Hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması təmin edilib. Tədbirdə xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçulara təşəkkür elan edilib, bir qrup əməkdaşa fəxri fərmanlar təqdim olunub.

Göygöl rayonunda reallaşan analoji tədbir də ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarları önünə çiçəklər düzülüb. Xidmətin yerli şöbələri üçün yeni inzibati binaların tikildiyi, mövcud binaların isə əsaslı təmir olunduğunu diqqətə çatdırılıb. Rayonda da yeni inzibati binanın inşası istiqamətində işlər davam etdirilir. Göygöllü gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində aparılan işlər yüksək qiymətləndirilib. Son illərdə rayonda ordudan yayınma halının qeydə alınmadığı vurğulanıb. Tədbir xidmətin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərmanlarının təqdim olunması ilə yekunlaşıb.

Tovuzda da Ximdət əməkdaşları dahi şəxsiyyət Heydər Əliyevin abidəsini və şəhidlərin məzarını ziyarət ediblər. Ötən müddətdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Silahlı Qüvvələrə çağırışçıların komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm nəticələrin əldə edildiyi vurğulanıb. Rayonun 200-dən çox şəhid verdiyi, onlardan iki nəfərinin ölümündən sonra milli qəhrəman adına layiq görüldüyü diqqətə çatdırılıb. Düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə edilib. Xidmətin rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərman verilib.   

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibəti ilə Goranboyda keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Dövlət Xidmətinin böyük inkişaf yolu keçdiyi, ordu quruculuğu prosesinin təkmilləşdirildiyi önə çəkilib. Gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi daha da gücləndirilib, fərarilik halları aradan qaldırılıb. Səfərbərlik hazırlığı, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli hərbi xidmətə çağrılmasının təşkili sahəsində uğurlar əldə olunub. Qələbə sevincini yaşadan aprel döyüşlərindən danışılıb. Xidmətin bir qrup əməkdaşına rayon rəhbərliyinin fəxri fərmanları təqdim  olunub.

Xidmətin yaradılmasının ildönümü Samuxda da qeyd edilib. Ümummilli liderin büstünün ziyarətilə başlayan tədbirdə cəmiyyətlə çağırış komissiyaları arasında əlaqənin möhkəmləndirilməsi və şəffağlığa zəmin yaradan addımlardan danışılıb. Çağırışçıların bölgü üzrə hərbi hissələrə rahat və təhlükəsiz çatdırılmasının təmin edildiyi diqqətə çatdırılıb. Rayonda da hərbi çağırışın yüksək səviyyədə təşkil olunduğu və ordudan yayınma hallarına rast gəlinmədiyini vurğulanıb. Yığıncaqda bir qrup əməkdaşa fəxri fərman və mükafat təqdim olunub.

Natiq Hüseyn