• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 06.02.2019 16:27

Sərnişini “sərxoş” olan sürücü operatora qarşı soyğunçuluq etdi

KepezTV Player

Goranboyda yanacaq doldurma məntəqəsində operatora qarşı soyğunçuluq edildiyi barədə “Hadisə”nin ötəngünkü buraxılışında məlumat vermişdik. Əməkdaşımız Natiq Hüseyn cinayətin təfərrüatlarını öyrənib. Məlum olub ki, avtomobillə yanacaq doldurma məntəqəsinə daxil olan sürücü sərnişininin sərxoş olduğunu deyərək operatorun pulunu mənimsəyiblər. Bu minvalla iki yancaqdoldurma məntəqəsindən soyğunçuluq edən şəxsləri Goranboy polisi “isti izlərlə” ifşa edib.

Tovuz sakinləri Ruslan Quliyev və İlkin Həsənov fevralın 1-i axşam saatlarında Həsənova məxsus “Subaru” markalı avtomobilin dövlət nömrə nişanının çıxararaq Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqəsinə daxil olublar. Operatordan maşına 10 manatlıq yanacaq doldurmasını xahiş edən “qəhrəmanlar” xırda pullarının olmadığını deyiblər və 100 manatlıq əskinasa xırda istəyiblər. Beləliklə sürücü və sərnişin soyğunçuluq yolu ilə operatorun 90 manatını ələ keçiriblər.

Ruslan Quliyev - saxlanılan şəxs: “Arxada uzanmışdı. Guya piyandır yatır. Dedim 10 mantlıq benzin vur. Operator pulu istəyəndə dedim İlkin pulu ver verim. İlkin sərxoş vəziyyətdə cavab verdi. Dedim ay qam bu elə bilir mən pulu cibimə qoyuram. Sən xırdanı ver mən bundan alım verim. Oğlanı xırdanı verdi məndə İlkini bir iki dəfə vurdum sonra sürüb getdim”.

Ruslan Quliyev və İlkin Həsənov təxminən 20 dəqiqə sonra eyni üsulla Goranboy rayonunun Goran qəsəbəsi ərazisində daha bir yanacaqdoldurma məntəqəsinin operatoruna qarşı soyğunçuluq ediblər. Əldə etdikləri pulu öz  aralarında bölən dəstə üzvləri paytaxta üz tutublar.

İlkin Həsənov - saxlanılan şəxs: “Dedi ki sən arxada maşınını sür mənlikdi. Səni burada tutan bir şey yoxdur. Mən sürəcəm maşını və puluda mən alacam”.

Zərərçəkənlərin müraciəti əsasında əməliyyat axtarış tədbirlərinə başlayan Goranboy polisi “isti izlərlə” soyğunçuluq edən şəxsləri müəyyənləşdiriblər. Keçirilən əməliyyat -axtarış tədbirləri nəticəsidnə dəstə üzvlərindən biri Tovuz rayonunda, digəri isə Bakıda saxlanılaraq istitaqa təqdim olunub.

Elnur Heydərli - Goranboy rayon PŞ-nin İstintaq bölməsinin rəisi: “Qeyd olunan cinayət faktları ilə bağlı Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayət hadisəsini Tovuz rayonu sakinləri Quliyev Ruslan Eldar oğlu və Həsənov İlkin Elman  oğulunun törətdiyi müəyən edilib. Həsənov İlkin  Elman oğlunun Bakı şəhərində saxlanılaraq Goranboy rayonuna gətirilməsi təmin edilib daha sonra isə Quliyev Ruslan Eldar oğlu Tovuz rayonu Qovlar şəhərində saxlanılıb”.

Bu, Ruslan Quliyevin sayca üçüncü cinayətidir. O, bundan əvvəl də Ağstafa rayonu ərazisində yanacaqdoldurma məntəqəsinin operatoruna qarşı soyğunçuluq etdiyi üçün məhkum olunub.

 

Natiq Hüseyn