Şəmkirdə avtomobilin ehtiyat hissəsləri satılan mağazadan oğurluq olub. Polis cinayətin üstünü açmaq üçün o qədər də uzağa getməyib. İsti izlərlə müəyyən edilib ki, mağazanı qarət edən elə həmin obyektdə çalışan ustadır. Əməkdaşımız Natiq Hüseyn sözügedən obyektdə baş verən oğurluq faktının təfərrüfatlarını öyrənməyə çalışıb.
Yanvarın 31-dən fevralın 1-nə keçən gecə Şəmkir şəhəri Etibar Allahverdiyev küçəsi 24 ünvanında fəaliyyət göstərən avtomobilin ehtiyyat hissələri satılan mağazada oğurluq hadisəsi baş verib. Çağırılmamış qonaq mağazanın pəncərəsini sındırmaq yolu ilə içəri daxil olaraq əvvəlcə obyektdə quraşdırılan təhlükəsizlkik kamerasını zərərsizləşdirib. Daha sonra mağazanın kassasında olan xeyli miqdarda pulu oğurlayıb.
Polad Qasımov - zərərçəkən: Səhər saat 9-a qalmış mağzaya gələndə gördük ki, mağazanın qapısı açıqdır. Kassaya baxanda gördük ki, kassadakı pul götürülübdür.
Zərərçəkən tərəfindən Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verildikdən sonra hadisə yerinə Şəmkir rayon polis şöbəsinin əməkdaşları gəliblər. İsti izlərlə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki cinayəti həmin obyektdə avtomobil təmiri ilə məşğul olan usta, Düyərli kənd sakini 20 yaşlı Abbasəli Hümbətli törədib.
Rafiq Quliyev - müstəntiq: Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində Abbasəli Hümbətli tutularaq istintaqa təhvil verilib.
Saxlanılan şəxs təhlükəsizlik kamerasının yaddaş kartını yaxınlıqdan keçən su kanalına atdığını, pulun bir qismini isə xərclədiyini deyib. Pulun qalan hisəssi və kameranın yaddaş qurğusu tapılaraq maddi sübut kimi tanınıb.
Abbasəli Hümbətli - saxlanılan şəxs: Sexin arxa tərəfindən pəncərəni sındırıb içəri daxil oldum. Kameranın blokunu götürdüm. Daha sonra mağazaya girib pullları götürdüm. Kameranın platasını kanala atdım.
Saxlanılan şəxs barəsində istintaq araşdırmaları davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 931