• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 30.11.2018 18:34

Ölkənin avtomobil yollarında yenə də qəzalar qeydə alınıb

KepezTV Player

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəki-Kiş yolunda bəhreynli turistlərin olduğu “Toyota” markalı avtomobil qarşıdan gələn, Kiş kənd sakini İsrafil Rzayevin idarə etdiyi “Mercedes”lə toqquşub. Nəticədə hər iki sürücü və sərnişinlər, Bəhreyn vətəndaşları - Nohuma Teyfulla, Sales Abdulla, Nəsiri Abdulla, Şəki sakinləri - Pərvanə Məmmədeminova, Şəbnəm Məmmədova, Tariyel Səmədli müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar Şəki RMX-yə çatdırılıblar. Şəbnəm Məmmədova və Tariyel Səmədli vəziyyətləri daha ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Gəncədə zəncirvari qəza baş verib. Yol-nəqliyyat hadisəsi Şah İsmayıl Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində qeydə alınıb. Nəticədə bir nəfər yaralanıb və Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. İlkin ehtimala görə, hadisəyə BMW markalı nəqliyyat vasitəsinin VAZ-a arxadan çırpılması səbəb olub. VAZ “Mercedes”ə, sonuncu isə digər bir VAZ-a dəyib.

İrandan Rusiyaya kələm daşıyan yük maşını Xaçmazda qəzaya düşüb. Hadisə Gəndob-Yalama yolunun rayonun Qusarçay kəndi ərazisindən keçən hissəsində olub. Dağıstan vətəndaşına məxsus yük avtomobili döngədə idarəetmənin itirilməsi nəticəsində yolun kənarına aşıb. Sürücü xəsarət almasa da, avtomobilə və yükə ciddi ziyan dəyib. Qəzaların səbəbləri araşdırılır.

Elton Cabbarlı