Azərbaycan sərhədçiləri sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində daha bir uğurlu əməliyyat-axtarış və mühafizə tədbiri keçiriblər. DSX-nin məlumatına görə, Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, iyunun 4-də sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 35 yaşlı Hacılı Ramin Rasim oğlu və 30 yaşlı Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb. İlkin araşdırma zamanı Ramın Hacılı ölkədən çıxışına qadağa qoyulduğundan dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etdiyini, Fəxrəddin Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək göstərdiyini etiraf edib. Ramin Hacılı 250 min manat borcunun olduğunu, xaricə gedib bu borcları işləyərək qaytarmağa çalışdığını bildirib. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.
- Baxış: 558