Şirvan şəhəri 20 yanvar küçəsi 5p, mənzil 43 ünvanından binanın 2-ci mərtəbəsinə qana oxşar mayenin axması barədə polisə müraciət edilib. Həmin ünvana gələn polis əməkdaşları qapının girişində şkafın içərisində kişi meyiti aşkar ediblər. Məlum olub ki, şkafda ölü tapılan şəxs Ağsu sakini, 56 yaşlı Cəmaləddin Məmmədovdur. Meyit Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzində müayinə olunub. Məmmədovun cəsədinin şkafda aşkarlanması onun qətlə yetirildiyi şübhəsini artırsa da, meyitin xarici müayinəsi zamanı üzərində heç bir xəsarət aşkar edilməyib. Məlum olub ki, onkoloji xəstəlikdən əziyyət çəkən kişi martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanasından çıxaraq bir daha geri qayıtmayıb. Onun birgə yaşadığı “Hepatit C” xəstəsi olan Mübariz adlı şəxs isə təxminən 10 gün əvvəl narkotik vasitə ilə saxlanılıb. İlkin ehtimallara görə, Cəmaləddin Məmmədov narkotikin artıq dozada qəbulundan ölüb. Polisin araşdırmasından yayınmağa çalışan Mübariz isə meyiti şkafa yerləşdirib, evdən çıxaraq onu harasa aparmağı planlaşdırıb. Bu zaman polis tərəfindən yaxalanıb. Bu səbəbdən də təxminən 10 gündən çox qapının girişində qalan meyit çürüməyə məruz qalıb. Hazırda Şirvan Şəhər Prokurorluğunda əməliyyat-istintaq qrupu yaradılıb, hadisənin başvermə təfərrüatları araşdırılır. Bakıda da mənzildə meyit tapılıb. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbail rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıblar və 59 yaşlı Şaiq Vəliyevin cansız bədənini içəridə aşkarlayıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 796