• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1829
— 23.02.2018 14:42

Respublikada heyvanların süni mayalanmasında yerli cinslərdən istifadə olunacaq

KepezTV Player

Xaricdən gətirilən cinslərlə yanaşı, yerli mal-qara arasında yüksək məhsuldarlığı ilə seçilənlər müəyyən edilərək, törədici heyvan kimi istifadə olunacaqlar. Respublikanın iri heyvandarlıq komplekslərində bu işə başlamaq məqsədilə Kənd Təsərrüfatl nazirliyi tərəfindən tədbirlərə başlanılıb. Respublika Süni Mayalanma Mərkəzində təşkil olunan seminarda söhbət bu istiqamətdə aparılıb.

Azərbaycanda heyvanların, xüsusi ilə də qara malın cins tərkibinin yaxşılaşdırılması istiqamətində ötən il 131 390 baş qaramalda süni mayalandırma aparılıb. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 25 faiz çoxdur. Hazırda yerli mal-qara arasında yüksək məhsuldarlığı ilə seçilən cinslərin müəyyən edilərək, törədici heyvan kimi istifadə olunması istiqamətində iş aparılır. İlk addım Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Genetik Mərkəz yaradılaraq, yeni cinslərin yetişdirilməsinə başlamaq olacaq.

Qalib Əbdüləliyev – Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: “Bu heyvanlar artıq bizim coğrafiyaya, yem çeşidlərinə, təbii amillərə uyğunlaşıblar. Ona görə də biz həmin heyvanların uyğunlaşma potensialından, xaricdən gələn heyvanların isə məhsuldarlıq potensialından istifadə edəcəyik. Bu işin əsas məqsədi, mahiyyəti, məramı budur”.

Yerli cinslərin yetişdirilməsi həm də daha az vəsait tələb etdiyindən, təsərrüfat sahibləri mütəxəsislərlə həmfikirdir.

Səfqan Quliyev – baytar-həkim: “Biz istəyirik ki, öz Respublikamızda yetişdirilən toxumlardan götürək. Həm əlavə xərcimiz çıxmasın, həm də vəsaitimiz xarici ölkələrə getməsin. Bir də öz təsərrüfatımızda yerləşdirilən mal-qara daha yaxşı effekt verir”.

Bu baxımdan Göygöl Respublika Süni Mayalanma Mərkəzinin də üzərinə böyük iş düşür. Seçilən törədicilər Mərkəzdə saxlanılaraq istifadə olunacaq.

Ramiq Abbasov - Göygöl Respublika Süni Mayalanma Mərkəzinin direktoru: “Bu dəqiqə ölkənin bütün fermer təsərrüfatları ilə əlaqələrimiz var. Bizə sahibkarlar müraciət edirlər. Onlara toxum çatdırılır. Hazırda bizim 12 bölgədə filiallarımız var. Biz ayda bir dəfə həmin filialları kinetik materiallarla təmin edirik”.

Respublika Süni Mayalanma Mərkəzində təşkil olunan seminarda İri heyvandarlıq kompleksi rəhbərlərinə bununla bağlı icra edilən texnoloji proseslər, damazlıq işinə olan ehtiyaclar, mövcud problemlər müzakirə olunub. 

 

Gülnar Fazilqızı