• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1293
— 12.01.2018 14:40

Tovuzun uşaq futbolunda vəziyyət necədi?

KepezTV Player

Azərbaycan futbolunda xüsusi çəkiyə malik bölgələrindən biri, bəlkə də elə birincisi qərb zonasıdır. Bu regionun futbolunu da Tovuzsuz təsəvvür etmək çətindir. 

Tovuz Azərbaycan futbolunun beşiklərindən sayılır. Bu rayonun futbolumuza verdiyi töhvələr bunu deməyə əsas verir. Töhvələr deyəndə ilk növbədə Tovuz futbolunun yetişdirdiyi futbolçular göz önündə canlanır. Nizami Sadıqov, Sakit Alıyev, Eltay Aslanov, Nadir Nəbiyevin sıralandığı siyahını uzatmaq da olar. İndi əsas məsələ onların davamçılarını yetişdirməkdir.    

Rasim Əliyev - “Turan Tovuz”un Gənclər İnkişaf Proqramının rəhbəri – “Perspektivli yeniyetmələr var. Demək olar ki, gələcəkdə onların yerini tuta biləcəklər. Hazırda 17 yaşlılardan ibarət milli komandamıza Fərid Xasıyevi dəvət ediblər. İndi o yığmanın heyətindədir. Bundan başqa aşağı yaş qruplarında da istedadlı uşaqlar var. Bu il Turanın əsas komandası məşqə başlayanda fikrimiz var ki, 16 yaşlılardan 3-4-ünü onlara verək.  ”

Bu gün Premyer Liqa klublarının əksəriyyətində Tovuz futbolunun yetirmələri çıxış edirlər. Rəhman Hacıyev “Neftçi"nin, Elvin Məmmədov “Qəbələ"nin, İlkin Sadıqov “Kəpəz”in, Alim Yunanov, Cavid Tağıyev və Vurğun Hüseynov “Sumqayıt"ın şərəfini qoruyur. “Turan”ın elitada çıxış etməməsi yerli futbolçuların erkən yaşlarda digər klublara köçünü şərtləndirən amillərdəndir. 

Rasim Əliyev - “Turan Tovuz”un Gənclər İnkişaf Proqramının rəhbəri – Əsas komanda Premyer Liqada olsa, Tovuz futbolu üçün də yaxşı olardı. Uşaqlar başqa yerə getməzdi. Valideynlər də onları aparmazdı heç yerə elə öz komandamızda oynayardılar. Biz uşaqlarla işləyirik. Bacardığımız qədər üzə uşaq çıxardırıq. Bir problemimiz var ki, yaxşı futbolçuları digər klublar əziyyət çəkmədən heyətlərinə cəlb etmək istəyirlər. Halbuki o uşaqları biz üzə çıxardırıq.

 

Bu gün “Turan” klubunda 120-dən yaxın uşaq və yeniyetmə futbolun sirlərini öyrənirlər. 7 yaş qrupu üzrə komandalarda müvafiq kateqoriyaya malik 11 məşqçi çalışır.

 

 

Azad Rəfi