Ağlagəlməzlər yenə başa gəldi. Göyçayda partlayış, Abşeronda isə binada baş verən yanğın sakinləri qorxuya saldı. Hadisələrdən birində ər-arvad yanıq xəsarəti aldı, digərində isə yardıma gələn polis əməkdaşları zəhərləndi. Təfərrüatları izləyək....
Göyçayın Kürd kəndində yaşayış evində qaz sızması səbəbindən partlayış olub. Hadisə zamanı 51 yaşlı Məhəmməd Zərbəliyev və həyat yoldaşı 42 yaşlı Yeganə Zərbəliyeva ağır yanıq xəsarətləri alıblar. Zərərçəkənlər Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qadının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə FHN-in Dövlət Yanğına Nəzarət Xidmətinin və Göyçay rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Hadisənin başvermə səbəbi araşdırılır. Xırdalanda isə yaşayış binasında yanğın olub. Olay şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib. Xilasetmə zamanı polis əməkdaşları da zəhərlənib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Zülfiyyə Telmanqızı
- Baxış: 651