• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 06.12.2017 15:29

“Dinamo” Kirovabadın 91 yaşlı rəisi tarixi yada saldı

KepezTV Player

“Dinamo” Kriovabadın 1967-ci ildə SSRİ Çempionatının Yüksək Liqasına çıxmasında komanda üzvlərinin əməyi böyükdür. Amma bu tarixi nailiyyətdə futbolçular heyəti, məşqçiləri korpusu ilə yanaşı, azarkeşlərin və xüsusən də həmin dövrdə komandanın başında duran rəhbərliyin danılmaz rolu olub.

Sovet İttifaqı zamanında Gəncə futbolunun yüksəliş dövrü ötən əsrin 60-ci illərinə təsadüf edir. Həmin dövrdə komanda Toxucu kombinatından ayrılıb o vaxtıkı adı ilə çağırılan milisin himayəsinə keçir. Daha dəqiq desək, Daxili İşlər Naziliyinin “Dinamo” İdman Cəmiyyətinin balansına. 1962-ci ildə adı da dəyişdirilən kollektivə bir ildən sonra Kirovabadın milis rəisi Məmməd Mustafayev rəhbərlik etməyə başlayıb. Mustafayevin vəzifəyə gətirilməsi ilə komanda intibah dövrünə qədəm qoyur. “Dinamo” qısa vaxt ərzində B dəstəsindən A dəstəsinə, oradan da Yüksək Liqaya vəsiqə qazanır. O, həm də hazırkı şəhər stadionunun qurucusu hesab olunur.

Məmməd Mustafayev Kirovabadın keçmiş milis rəisi “Gəncədə futbola böyük həvəs vardı. Oyun olan vaxtlarda iki gün oyundan əvvəl, iki gün də sonra şəhərdə cinayət olmurdu. Camaat futbola vurulmuşdu, oyunu böyük bayram kimi keçirirdilər”.

Məmməd Mustafayevin 91 yaşı var. İllər ona tarixi unutdurmayıb.  Səmimiliyi öz yerindədir. Zarafatından qalmır. Sovet vaxtı, ideologiyanın, necə deyərlər, qılıncının dalının da, qabağının da kəsdiyi bir zamanda komandada yaratdığı dəmir nizam-intizamından ağızdolusu danışır. 

Məmməd Mustafayev Kirovabadın keçmiş milis rəisi “O vaxtlar cavan idim, futbola həvəsim vardı. Komandanı gözdən qoymurdum. Hər bir futbolçunun arxasınca 1-2 nəfər güdürdü ki, görək bu nə iş görür, sərxoşluq etmir ki? Hər şeyə baxırdıq. Mən bunları ... tarix böyükdür (gülür)”.

Keçmiş milis rəisi səhhəti ilə bağlı “Dinamo” Kirovabadın 50 illik yubiley tədbirində iştirak edə bilməsə də, “Kəpəz” və AFFA onun zəhmətini unutmayıb. Yaratdığı əzəmətli komandanın keçmiş kapitanı Müzəffər Qasımov komanda və assosasiya tərəfindən verilən xatirə hədiyələrini ona təqdim edib.

 

Azad Rəfi