Yola çıxıb mənzil başına çatmaq istəyirdilər, ancaq qismətləri son mənzil oldu. Qəzalar yenə ölüm gətirdi. Ən dəhşətli məqam isə ölənlərin bir ailənin üzvü olmasıdır. Təfərrüatları izləyək...
Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolununda dəhşətli yol qəzası baş verib. Ağcabədidən yasdan qayıdan ailə qəzaya düşüb. "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi "ACTON" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. Qəza nəticəsində "Mercedes"də olan bir ailənin beş üzvü hadisə yerində dünyasını dəyişib. Avtomobildə sıxılı vəziyyətdə qalan meyitləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Hadisə yerində olan polis əməkdaşları müayinələr aparıblar. Ölümə səbəb olan digər qəza isə Sabunçu rayonunda olub. Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Opel markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 55 yaşlı Aidə Sadıqovanı vurub. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Qəzanı törədən sürücü polis tərəfindən saxlanılaraq izahatyı alınıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktlarla əlaqədar cinayət işi başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 465