• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1785
— 05.12.2017 14:37

“Dinamo” Kirovabadın 50 illik yubileyi keçirilib

KepezTV Player

"Dinamo" Kirovabadın SSRİ Çempionatının Yüksək Liqasına vəsiqə qazanmasının 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Azərbaycan futbolunun tanınmış simalarının bir ara gəldiyi ziyafətdə komandanın 1967-ci ildə əldə etdiyi tarixi nailiyyət təmtəraqla qeyd olunub.  

Tədbirdən öncə yubiley mərasiminin iştirakçıları foyedə Gəncə klubunun tarixi uğurlarını əks etdirən və nadir fotoları özündə cəmləyən sərgi ilə tanış olublar. Sərgidə təşkilatçılar tərəfindən qonaqların marağına səbəb olan 20-dən çox şəkil nümayiş olunub. 

Yubiley axşamında "Kəpəz" klubunun rəhbərliyi, tarixi hadisənin qəhrəmanları, eləcə də digər illərdə komandada çıxış etmiş veteran futbolçular, hazırkı heyətin üzvləri və Bakıdan təşrif buyuran tanınmış futbol adamları iştirak edib. 

Tədbirin əvvəlində "Dinamo"nun uzaq 1967-ci ildəki uğurundan bəhs edən videoçarx nümayiş olunub. Daha sonra çıxışlara yer verilib. Gəncə klubunun Müşahidə Şurasının sədri Elmir Vəliyev yubilyarları təbrik edərək, "Dinamo" Kirovabadın 50 il öncə imza atdığı nəticənin tək Gəncə yox, həm də Azərbaycan futbolu üçün böyük tarixi nailiyyət olduğunu bildirib. Çıxışından sonra MŞ-nın sədri Müzəffər Qasımov, Nurəddin Əliyev, Ravil Batrayev və Zakir Süleymanovu diplomlarla təltif edib. 

Tədbirdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, Azərbaycan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov və digərləri də təbriklərə qoşularaq yubilyarlara xatirə hədiyyələrini təqdim ediblər. 

Azad Rəfi