• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1451
— 30.10.2017 15:43

Goranboyda subartezian quyularının istismarı dayandırılıb

KepezTV Player

Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biri olan Goranboyda növbəti mövsüm üçün dənli bitkilərin səpini başa çatıb. Hətta bəzi fermerlər ilkin suvarmanı da həyata keçirmək istəyirlər. Di gəl ki, isti yay günlərində olduğu kimi payızda da təsərrüfat sahibləri su tapa bilmir. Səbəb bir çox yaşayış məntəqələrində mövcud subartezian quyularının istismarının dayandırılmasıdır. Çarəsiz qalan sakinlər ARB-nin qaynar xəttinə müraciət ediblər.

Goranboy rayonunun bir neçə kəndində subartezian quyularından istifadə mümkünsüz olub. Susuzluqdan daha çoz əziyyət çəkən isə Qırıqlı kəndinin sakinləridir.

Almaz Məmmədova sakin: 2 hektar arpa əkmişik. 1,5 hektar buğda əkmişik. Bir damcı sulamamışıq. Su yoxdur, vermirlər.

Əlövsət Məmmədova sakin: İkinci qrup təqaüdçüyəm. Yoldaşım da dializ xəstəsidir. Bizim evin yanında artezian var, onu kəsiblər. Su vermirlər içməyə.

Sakinlərin sözlərinə görə, Qırıqlıda ümumilikdə 240 təsərrüfat var. Gələn ilin məhsulu üçün 400 hektar sahədə dənli bitkilər, 20 hektar ərazidə pambıq əkilib. Ancaq suyun yoxluğu çəkilən zəhməti heçə endirib.

Cavid Cabbarov sakin: Mənə əvvəlcədən desəydilər heç toxumu əkməzdim. Mənə yanvarda su verəcəklərsə, neyniyirəm o suyu. Vaxtında desəydilər, toxumu aparıb satardım.

Sakinlərin səbr kasasını daşıran isə istifadə edilməyən suya görə ödənişin aparılmasıdır. Mövcud vəziyyətlə bağlı rayon rəhbərliyinin və digər aidiyyəti qurumlara müraciət edən sakinlər hələ ki, müsbət nəticə əldə edə bilməyiblər.

Rüfət Verdiyev sakin: Su pulu borcumuz yoxdur. Arpa əkmişik, taxıl əkmişik, onlar da qalıb quruda. Hamısını qarğa daşıyır. Səhər-axşam biz sahədə qarğa güdürük.

Almaz Məmmədova sakin: Hökümət bizə pul verir ki, arpa-buğda ək, dolan. Gəlirlər iki gündən bir kəsirlər, limit qurtardı deyirlər. Kimə müraciət edirik,hara gedirik bizə baxan yoxdur.

Kənddə olduğumuz müddətdə əvvəlcə Qırıqlı kənd icra nümayədəsinin mövqeyini öyrənmək istədik. İş vaxtı olmasına baxmayaraq, kənd rəsmisini tapa bilmədik. Lakin sonradan çəkiliş aparılan əraziyə gələn Bayram Məmmədov üstünlüyü sakinlərlə mübahisəyə verib.

Məsələyə Goranboy Rayon Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi Ramiz Süleymanovun münasibəti isə belə olub.

Ramiz Süleymanov Goranboy Rayon Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi: Bu barədə biz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə məlumat vermişik, rayon rəhbərliyi də bu barədə yuxarı təşkilatları məlumatlandırıb. Bir neçə günə məsələ həll olunacaqdır.

Çörəyi torpaqdan çıxan kəndlilərin narahatlığının nə qədər davam edəcəyi bilinməsə də aydınlığa çaxacaqları barədə vəd verildi. Qalır icrasını gözləmək.

Natiq Hüseyn