Səbail rayonunda qanlı olay baş verib. Rayonun Şahmar Allahverdiyev küçəsində 20 yaşlı Fərid Əsədli tanışı ilə mübahisə zəminində bıçaqlanıb. Fərid Əsədli yaralı halda təcili tibbi yardım məntəqəsinə gəlib. Daha sonra o, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Hadisə barədə polisə məlumat verilib. Əməliyyat olunan Fərid Əsədlini dindirmək mümkün olmayıb. Xəstəxanada olan qohumları da hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsindən xəbərsiz olduqlarını bildiriblər.
Gəncə şəhərində bıçaqlanma faktı qeydə alınıb. Hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. Şəhər sakini 26 yaşlı Xəyal Verdiyev bədənin müxtəlif nahiyyələrinin çox saylı kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Yaralıya ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib. Həkimlər Xəyal Verdiyevin vəziyyətinin orta ağır olduğunu bildirir. Faktla bağlı araşdırma aparılır.
Zabit Vəliyev həkim – “Aparılan müayinələr zamanı xəstənin sol dirsək oynağı nahiyyəsində, sol sayidin orta üçdə birinin bayır hissəsində, sol budun orta üçdə birinin iç səthində və sağ budun orta üçdə bir hissəsində, sağ daban nahiyyəsində kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. Yaralar birinci cərrahi işlənib, xəsarət aradan götürülüb. İlkin tibbi yardımdan sonra xəstə şöbəmizə yerləşdirilib. Hazırda müayinə və müalicələri davam etdirilir”.
Nizami rayonunda isə döyülmə hadisəsi baş verib. 8-ci kilometr qəsəbəsində yerləşən bazarda 45 yaşlı Fəridə Ələkbərova tanıdığı orta yaşlı kişi ilə mübahisə edib. Nəticədə Fəridə Ələkbərova döyülüb. Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirirlər. Faktlarla əlaqədar araşdırmalar davam edir.
Elnur Vahidoğlu
- Baxış: 1536