SpaceX aerokosmik şirkətinin banisi İlon Mask sərnişinləri Yer kürəsinin istənilən yerinə çatdıracaq raket konsepsiyasını təqdim edib. Bu sistem üçün çox istifadə edilə bilən BFR raketi təklif olunub. Onun nəinki sərnişinləri və yükləri planetdaxili, hətta Marsa da daşımaq iqtidarında olduğu bildirilir. Videoçarxdan aydın olur ki, raketlərin uçması üçün şəhərlərdə suyun ortasında xüsusi yer ayrılır və sərnişinlər ora gəmi vasitəsilə çatdırılır. Nəticədə Nyu-Yorkdan Şanxaya uçuş müddəti cəmi 39 dəqiqə vaxt aparacaq. Raketin maksimal sürəti 27 min km/saat təşkil edir. Cəmi bir saata dünyanın ən ucqar yerinə çatmaq mümkün olacaq. Layihə müəllifinin sözlərinə görə, bu raketlə uçuş bileti adi təyyarədəki biletlərdən fərqlənməyəcək. Amma analoji konsepsiyanın nə zaman reallaşacağı dəqiq deyil. Yeri gəlmişkən, İlon Mask şirkət potensialına güvənərək 2022-ci ildə Marsa ən azı iki yük kosmik gəmisi göndərməyi hədəfləyib. Qırmızı planetə pilotla uçuş isə 2024-cü ilə təyin olunub. Bununla da Marsın insanlar tərəfindən mənimsənilməsinə bir neçə il qaldığını söyləmək olar.
- Baxış: 385