• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1153
— 29.09.2017 13:42

Gürcüstanlı cüdoçu Beka Qiviniaşvili Gəncədə master-klass keçib

KepezTV Player

Qiviniaşvili Gəncə Olimpiya İdman Klubunun dəvəti ilə Nizami yurduna gəlib.

İdman klubunda keçirilən master-klassda müxtəlif yaş qruplarını əhatə edən 100-dən çox uşaq və yeniyetmə cüdoçu iştirak edib. Onlar Beka Qiviniaşvilidən sevimli idman növünün sirlərini öyrənməyə çalışaraq ustad dərsləri alıblar. Qiviniaşvili 2 saatdan çox davam edən məşğələdə müxtəlif fəndləri göstərməklə fərdi tövsiyələr verib.

Beka Qiviniaşvili dünya cüdosunun ən perspektivli tatami ustalarından hesab edilir. Rio Olimpiya Oyunlarının iştirakçısı hələlik ən böyük uğurlarını yeniyetmə və gənclər arasında qazanıb. O, dünya və Avropa çempionu olub. Bununla belə Beka kişilərin yarışında da diqqət çəkən uğurlar əldə edib. 21 yaşlı cüdoçu müxtəlif illərdə Qran-prilərin qalibi, Bakı 2015 Avropa Oyunlarının gümüş mükafatçısıdır. O, bu ilki qitə çempionatının fərdi yarışlarında bürünc, komanda birinciliyində isə qızıl medala sahib olub. 

Beka Qiviniaşvili cüdoçu: “Dəvətə görə minnətdaram. Bura çox xoşuma gəldi. Cüdo Gəncədə sevilir. Yaxşı cüdoçular var, uğur qazanmaq üçün sadəcə, çoxlu işləmək, əziyyət çəkmək mütləqdir. Uşaqlar səylə məşq etməli, ciddi hazırlaşmalıdırlar. Fəndləri dəqiq öyrənmək lazımdır ki, yarışlarda məharətlə yerinə yetirə biləsən. Zamanla ustalıq artıqca nəticələr də olacaq”.

Gəncə Olimpiya İdman Klubunun rəhbərliyi gələcəkdə də master-klass üçün tanınmış idmançıları Nizami yurduna dəvət etmək fikrindədir.

 

Azad Rəfi