Daxili işlər orqanlarının əməkdaşları tərəfindən paytaxt Bakıda, o cümlədən hərəkətin intensiv olduğu digər şəhər və rayonlarda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir. Növbəti belə tədbir yol hərəkəti qaydalarını pozan piyadalara qarşı keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospekti vəŞərifzadə küçəsində yeraltı və yerüstü keçidlərdən istifadə etməyən, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərə qarşı reyd təşkil olunub. Reyd zamanı öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb və onlarla maarifləndirici söhbətlər aparılıb.
Xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib. Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə bu cür tədbirlər davam etdiriləcək.
Zülfiyyə Telmanqızı
- Baxış: 483