• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 13.09.2017 12:23

Cərimələrini ödəməyən sürücülərin aşkarlanması üçün operativ qərargah yaradılıb

KepezTV Player

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin qəzaların qarşısının alınması, barələrində tərtib olunan inzibatı protokollar üzrə təyin edilən vaxtı keçmiş cərimələrin sürücülər tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də şəhər, rayon yol polisi şöbə və bölmələri tərəfindən profilaktik tədbirlər davam etdirilir. Yoxlamaların nəticələri göstərir ki, yollarda dəfələrlə dəhşətli qəzaların, ağır cəzaların şahidinə çevrilən sükan sahibləri və piyadalar bundan heç də nəticə çıxarmır. Cərimələnib, məsuliyətdən boyun qaçıranlar da az olmayıb.

Yasamal Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi əməkdaşları tərəfindən inzibati protokollar üzrə təyin edilən vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədi ilə operativ qərargah yaradılıb və belə hərəkət iştirakçılarına qarşı mütəmadi olaraq reydlər təşkil edilir.

Bu ilin 8 ayı ərzində Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 18 min 791 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 127 min 573 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib. Yanvar-avqust ayları ərazində 2334 sürücü cərimələri vaxtında ödəmədiyi üçün avtomobilləri mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Həmçinin Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən kobud qayda pozuntularına yol verən, avtomobili sərxoş vəziyyətdə idarə edən, sürücülük vəsiqəsində nəzərdə tutulan cərimə balı həddini keçən 812 sürücü barəsində tərtib edilən protokollar müvafiq qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib və bu sürücülərdən 237-nin sürücülük hüququ məhdudlaşdırılıb. Sürücülər arasında aparılan profilaktik tədbirlər nəticəsində bu ilin 8 ayı ərzində rayon ərazisində ümumilikdə 22 qəza qeydə alınıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı göstəricidir. Reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Zülfiyyə Telmanqızı