Bu günə xəbərlərin oxunma sayı: 1064
— 11.09.2017 13:18

Zəncirvari qəzada körpə öldü, 10 nəfər yaralandı

KepezTV Player

Günün qaçılmaz xəbəri olan qəzalar yenə yola çıxanları peşman etdi. Bu dəfə canından olanlar arasında 1 yaşlı körpə də var.

Bakının Xəzər rayonu ərazisində,Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb. "VAZ-2106" markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn "VAZ-2104" markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn "Daewoo" da "VAZ-2106"ya çırpılıb. Nəticədə "VAZ- 2106"da olan bir yaşlı körpə ölüb. Qəza zamanı üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Goranboyun Abbasqulular kəndində hərəkətdə olan “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Onlar “Mercedes”in sürücüsü Veyisli kənd sakini, 66 yaşlı Eldar Xəlilov, sərnişinlər - 38 yaşlı Elnarə Xəlilova, 8 yaşlı Gülsabə Xəlilova, 6 yaşlı Cəsur Xəlilov və 60 yaşlı Kifayət Qasımlı, “VAZ 21015”in sürücüsü, 44 yaşlı Razim Rəcəbov, onun sərnişini, 46 yaşlı Aybəniz Əliyevadır. Onlardan 6 nəfərə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar. Yalnız sürücü Eldar Xəlilovun vəziyyətinin orta ağır olduğu bildirilir. Sabirabadın Qaragüney kəndi ərazisində isə avtomobil aşıb. Magistral yolda hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Şirvan şəhər sakini, 31 yaşlı Elməddin İlyasov və Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 31 yaşlı Anar Hacıyev xəsarət alıb. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Faktlarla bağlı araşdırmalar aparılır.

Ruhəngiz Hacızadə