• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 09.09.2017 14:50

Gəncədə baş tutacaq marafon üçün artıq 6000-dən çox iştirakçı qeydiyyatdan keçib

KepezTV Player

Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçiriləcək. Qədim tarixə sahib Nizami yurdu “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq. “Gəncə Marafonu –2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksində yekunlaşacaq. Qət ediləcək məsafə 17 kilometrdir. Sonda mükafatlandırma mərasimi olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000, 2-ci yerin qalibi 2 000, 3-cü yerin qalibi isə 1 000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

Ayaz Əhmədov -marafonun təşkilat komitəsinin nümayəndəsi: “Marafonun ən əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir. Və bu həqiqətən də belədir. İki il ərzində keçirdiyimiz marafonlardan görürük ki, birincisi maraq artır, ikincisi mən 20-30 nəfər adam tanıyıram ki, ilboyu marafona qatılmaq üçün sırf idmanla məşğul olurlar. Yarışa maraq çox böyükdür. Həm də marafonun marşrutu gözəldir. Çünki şəhər içi ilə qaçırıq. Gəncə şəhəri də gözəl şəhərdir. Həqiqətən də yaxşı alınacaq.”

“Gəncə Marafonu–2017”yə qeydiyyat avqustun 14-dən başlayıb və yarış gününədək davam edəcək. Yarışda 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Bunun üçün Gəncənin bütün universitetlərində, "ASAN xidmət" mərkəzində və “Gənclər evi”ndə, həmçinin Bakı, Tərtər, Yevlax və Şəkidə ümumilikdə 11 məntəqədə qeydiyyatdan keçmək olar. Bu günədək 6000-dən çox şəxs iştirakını təsdiqlədib. Onlar arasında Rusiya, Ukrayna və Türkiyədən olan əcnəbilər də var.

Orxan Cəfərzadə