• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 19.08.2017 17:55

Keçmişi bu günə daşıyan tikililər...

KepezTV Player

Göygöl rayonunun Şəhriyar, köhnə adı ilə Mirzih kəndində iki tarixi abidə var. Kəndin daxilində olan və XVII əsrdə inşa edilən tikili bir nefli bazilika tipli xristian məbəddir. Orta əsrlərdə inşa edilməsinə baxmayaraq, öz memarlıq quruluşuna görə Alban məbədlərinin üslubunu təkrarlayır. Məbədin daxilindəki kalonlarda, onun 1674-cü ildə inşa edildiyi yazılsa da, divarın çöl hissəsinə vurulan lövhədə başqa bir tarix həkk olunub. Bu rəqəmlər binanın tikilmə tarixini müasir dövrümüzə daha iki əsr yaxınlaşdırıb. Düşünürük ki, lövhənin sonradan, tarixi saxtalaşdırmaq kimi bir vərdişləri olan ermənilər tərəfində vurulmasını xüsusi qeyd etməyə ehtiyac yoxdur. Bu gün anbar kimi istifadə olunan məbəd yerli sakinlər tərəfindən qorunur. Bu ərazilərdə olan ikinci məbəd isə kənd mərkəzindən iki kilometr uzaqlıqda, meşəlik ərazidə yerləşir. Digər məbəddən daha qədim olan bu tikilinin bir hissəsi təbii faktorlar və baxımsızlıq ucbatından uçub, dağılıb

Cavid Bağırzadə GDU-nun Azərbaycan tarixi kafedrasının dosenti:“Gördüyümüz kimi məbədin qərb hissəsi xeyli dağıntılara məruz qalsa də, şərq hissəsi, onun absida hissəsi və sağ-solda yerləşən cübbəxana, yəni diakonik otaqlar olan hissə salamat qalıb. Məbədin cənub tərəfdən giriş qapısı da sökülüb, onun üstündəki sütünlar da aşağı tökülüb”.

Müəyyən dağıntılara məruz qalmasına baxmayaq məbəd, öz tarixi haqqında məlumat verə biləcək quruluşunu qoruyub saxlayıb.Məbədin həm çölündə, həm də içərisində bu cür xaçlara rast gəlmək mümkündür. Hörmə naxışlar, xaçların üç başlı olması məbədin həm qədimliyini, həm də onun albanlara məxsusluğunu bir daha təsdiq edir.Tikili XII-XIII əsrlərə aid edilir. Bununla belə tarixçilər bu ərazilərdə vaxtı ilə başqa bir məbədin mövcudluğu faktını istisna etmirlər.

Cavid Bağırzadə GDU-nun Azərbaycan tarixi kafedrasının dosenti:“Hesab etmək olar ki, bu məbədin yerində və ya yaxınlığında erkən orta əsrlərə aid daha qədim Alban kilsəsi mövcud olub. Lakin 1139-cu il zəlzələsində həmin məbəd və kilsələr dağılıb. Zəlzələdən sonra yaşayır `yerləri və dini abidələr bərpa ediləndə özündən əvvəlki qədim kilsənin yerində qarşısında dayandığımız bu abidə inşa edilib. Bu da təqribən XII-ci əsrin sonları, XIII əsrin əvvəllərinə təsadüf edir”.

Özündə tarixin izlərini daşıyan bu abidələr hələ uzun illər zamanın axışına şahidlik etmək iqtidarındadırlar, lakin onların da bərpaya, baxıma ehtiyacı var. Bu həm Qərb bölgəsində turizmi inkişaf etdirmək, həm də tariximizi qoruyaraq gələcək nəsillərə ötürmək baxımından vacibdir...