• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 18.08.2017 16:35

Gəncəyə gələn xarici turistlərin sayı iki dəfədən çox artıb

KepezTV Player

Ötən il Avropanın Gənclər Paytaxtı, bu il isə MDB ölkələrinin Mədəniyyət paytaxtı statusunu alması Gəncəyə marağı artırıb. Şəhərdə yeni turizm obyektlərinin açılması, tarixi abidələrin restavrasiyası, yeni istirahət məkanlarının istifadəyə verilməsi də turistləri cəlb edən əsas amillərdəndir. Gəncə Turizm İnformasiya Mərkəzinin məlumatına görə, bu il Gəncəyə gələn turistlərin sayı iki dəfədən çox artıb.

Akif Vəlizadə - Gəncə Turizm İnformasiya Mərkəzinin məsləhətçisi: “Gəncəyə gələn turistlər əsasən ərəb ölkələrinin vətəndaşlarıdır. BƏƏ-dən, Küveytdən, Qətərdən gələnlər var. Bundan başqa Rusiyadan, Ukraynada və Qazaxstandan da qonaqlarımız olur”.

Gəncəyə gələn xarici ölkə vətəndaşları əsasən “İmamzadə” Dini Memarlıq Abidə Kompleksini, “Nizami Gəncəvi” Məqbərə Kompleksini, “Qala Qapıları” Arxeologiya və Etnoqrafiya Müzeyi Abidə Komplesini, həmçinin şəhərin mərkəzində olan müzeyləri ziyarət edirlər. Gəncədə olan parklar da diqqət çəkir, xüsusi ilə də axşam vaxtı...

Jasmin Mahal - BƏƏ vətəndaşı: “Biz ailəlikcə gəlmişik və gördüyünüz kimi Heydər Əliyev parkına gəzməyə çıxmışıq. Çox gözəl yerdir. Burada həm böyüklər, həm də uşaqlar üçün atraksionlar, əyləncəli vaxt keçirmək üçün müxtəlif məkanlar var və bu mənim çox xoşuma gəldi”.

Evrim Menekşe - Türkiyə vətəndaşı: “Bir aya yaxındır ki, Gəncədəyəm. Bu müddət ərzində ilk dəfədir Heydər Əliyev parkını gəzməyə gəlmişəm və buranın gözəlliyi qarşısında həqqiqətən dilim tutuldu. Burdan başqa bir sıra tarixi məkanlarda olmuşam, Xoşbulağa getmişəm, Göygölü görmüşəm. Nə deyə bilərəm? Özümü burada çox yaxşı və xoşbəxt hiss edirəm”.

Ahmed Egal - Küveyt vətəndaşı: “İlk dəfədir ki, Azərbaycandayam. Üstəlik tək yox, ailəmlə birlikdə gəlmişəm. Bura çox gözəldi, burda olmaqdan məmnunam. İnsanlarınız gülərüzdür, qonaqpərvərdir. Təbiətiniz gözəldir. Hər tərəf yaşıllıqdır. Həqiqətən, mən buranı çox sevdim”.

Abdulmacid Mehdi - Küveyt vətəndaşı: “İki gün əvvəl gəlmişəm. Buranın havası çox xoşuma gəldi, nə çox soyuq deyil, nə də çox isti. İnsanlarınıza isə söz ola bilməz. Bizə çox xoş münasibət göstərirlər. Qonaqpərvərdilər”.

Gəncəyə gələn xarici ölkə vətəndaşları, sadəcə şəhəri gəzməklə kifayətlənməyib, ətraf bölgələrə də səfər edirlər.

Akif Vəlizadə - Gəncə Turizm İnformasiya Mərkəzinin məsləhətçisi: Deməli, Rusiyadan, Ukraynadan, Qazaxstandan gələn turistlər daha çox Naftalan bölgəsinə gedir. Oradakı sanatoriyalara üz tuturlar. Təbii ki, müalicə məqsədi ilə... Ərəb ölkələrindən gələn turistlər isə istirahətə gəlir. Onlar üçün Hacıkəndə, Göygölə turlar təşkil edilir.

Gəncə Turizm İnformasiya Mərkəzindən onu da bildirdilər ki, hazırda şəhərdə fəaliyyət göstərən otellərdə demək olar ki, boş yer yoxdur. Nömrələri bron edənlərin də əksəriyyəti xarici ölkə vətəndaşlarıdır.

 

Gülnar Fazilqızı