Bu günə xəbərlərin oxunma sayı: 1578
— 07.08.2017 16:37

Göygöl Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında açıq rayon birinciliyi keçirilib

KepezTV Player

Yarış rayonda cüdo bölməsinin yaradılmasının 1 illiyinə həsr edilib. Birincilik açılış mərasimi ilə başlayıb. Rəsmi hissədə çıxış edənlər son illər ölkəmizdə cüdoya diqqətin artmasını və bu idman növünün təkcə paytaxta yox, eləcə də bölgələrdə inkişaf etdiyini diqqətə çatdırıblar. Açılışın ardınca mübarizələrə start verilib. 2004-2006-cı il təvəllüdlü cüdoçular arasında baş tutan yarışda 10 çəkidə qaliblər müəyyənləşib. Birincilikdə Göygöl idmançılarıyla yanaşı, Gəncə və Bakıdan olan yeniyetmələr də tatami üzərində bacarığını göstərib.

Xanəhməd Rzazadə - yarışın baş hakimi: “Göygöldə cüdo bölməsi yox idi. Yeni yaradılıb. Bunun əsas səbəbi cüdo federasiyasının yenilənməsi, güclənməsi, rəhbərliyin regionlara diqqətinin artırılmasıdır. Məqsədimiz odur ki, bölgələrə olan dəstəyə biz də təkan verək və Azərbaycan cüdoçusunu daha inkişaf etdirək. Bu yarışı ənənəvi şəkildə təşkil edərək Göygöldə cüdo idman növünü irəli aparmağa çalışacağıq.”

Yarışın yekunlarına əsasən Gəncə idmançıları əksər çəkilərdə qalib adını qazanıblar. Murad Hüseynov, Ələsgər Məmmədli, Ayxan Axundov, Xəyal Atakişiyev və Aydın Axundov bütün rəqiblərini üstələyib. Paytaxt cüdoçularından Həsən Əmirov, Elbrus Qaybalıyev, Əli Məmmədli, Cavidan Əliyev, Göygöldən isə Sirac Quliyev fəxri kürsünün ilk pilləsinə qalxmağı bacarıb. Sonda mükafatçı mövqelərdə qərarlaşan cüdoçular medal və diplomla mükafatlandılıb.

 

Orxan Cəfərzadə