• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 05.08.2017 15:49

Gəncədə mini-futbol üzrə Sevinc kubokunun dəri top mükafatı uğrunda şəhər birinciliyi keçirilir

Ənənəvi olaraq hər il məktəblilərin yay tətilinə təsadüf edən yarışlar 15 gün davam edəcək. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan birincilikdə Nizami yurdunun bir sıra məhəllələrini təmsil edən 13 komanda iştirak edir. Kollektivlər 2 yarımqrupda mübarizə aparırlar. Qalib olmaq üçün mərhələ adlayan komandalar yarımfinal və final görüşlərində qüvvəsini sınayacaq. 

Rasim Həsənov – yarışın təşkilat komitəsinin sədri: “Bu yarışlar sovetlər dövründən keçirilir. Biz də bu ənənəni davam etdiririk. Əsas məqsədimiz ondan ibarətdir ki, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil edək, şəhərimizdə futbolu inkişaf etdirək və kiçik yaşlı qruplar arasından bacarıqlı futbolçuları seçərək Gəncənin yığma komandasının tərkibinə daxil edək.”
Sevinc kubokunun kiçik yaşlı oyunçuların karyerası üçün böyük əhəmiyyəti var. Çünki bu yarışda bir çox top klubların seleksiyaçıları oyunları meydançalardan izləyərək yeni istedadları üzə çıxarırlar. 

Orxan Verdiyev – məşqçi: “Bu tipli məhəllə futbolunu xatırladan mini futbol turnirlərinin uşaqlar üçün çox xeyri var. Burada seleksiyaçılar da oyunlara baxırlar. Gəncənin, Qəbələ futbol klubunun və Bakının top klublarının mütəxəssisləri yarışdakı futbolçularla maraqlanırlar. Gələcəkdə bu oyunçulardan yeni istedadlar üzə çıxacaq və Azərbaycan futbolunda öz sözlərini deyəcəklər. Biz də əziyyət çəkirik ki, bu uşaqların arasından ölkə futboluna, xüsusilə də Gəncə futboluna xeyir verə biləcək oyunçular yetişsin.”  
Birincilik 3 yaş qrupunda – 2006, 2007 və 2008-ci il təvəllüdlü yeniyetmə futbolçular arasında keçirilir.

Kənan Əliyev – “Azəri” komandasının üzvü: “Mən qapıçı mövqeyində oynayıram. Bizim komandamız qrupda 1-ci yeri tutaraq yarımfinala adladı. Hədəfimiz odur ki, çempion olaq.”
Yarışların yekununda 1, 2 və 3-cü yerləri tutan komandalardan əlavə 4-cü pillədə qərarlaşan kollevtiv də mükafatlandırılacaq. Həmçinin bağlanış günü müxtəlif nominasiyalarda ən yaxşılar təltif olunacaq. 

Orxan Cəfərzadə