• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 667
— 04.08.2017 20:47

Yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Yollardakı bəla. Ölüm gətirmək üçün ən dəhşətli xəstəliklərlə yarışan və onları haradasa üstələyən qaranlıq. Neçə-neçə ailəni gözü yaşlı qoyan yol qəzaları. Bunu əbəs yerə demirəm. Çünki, yenə bir ailə məhz yol-nəqliyyat qəzasının nəticəsi olaraq başsız və oğulsuz qaldı. Digər qəzada isə ana və qızı xəsarət aldı. İndi bütün təfərrüatları izləyəcəksiniz.

Abşeronda dəhşətli yol qəzası baş verib. Ailənin faciəsinə çevrilən hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərəvəz daşıyan “Qazel” markalı avtomobil “MAN” markalı, qoşqulu yük avtomobilinə arxadan çırpılıb. Nəticədə “Qazel”in sürücüsü 43 yaşlı Etibar İsmixanov və sərnişini olan oğlu 20 yaşlı Araz İsmixanov həyatını itirib. "Qazel" zərbədən sonra deformasiyaya uğradığından həlak olanların meyitləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən maşından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Daha bir ağır qəza Bakı-Qazax magistralının Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncəyə doğru hərəkətdə olan, 37 yaşlı Aygün Namazovanın sürdüyü "Toyota Land Cruiser” markalı maşın idarəetmənin itirilməsi nəticəsində əvvəlcə qoruyucu dəmirlərə çırpılıb, daha sonra isə yol kənarına aşıb. Yararsız hala düşən avtomobildə xəsarət alan ana və 10 yaşlı qızı Sara Şahdağlı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Faktlar araşdırılır.

 

Vüsalə Camal