Bağ olmayan yerdə böyürtkən özünü bağ çağırar deyib işə qoyuldu. Bağ salan barın yeyər deyib, əkinə baş qoşdu. Daha bilmədi ki, əkdiyi nədirsə biçdiyi də o olacaq. Bax, bu məqamı yaddan çıxardı. Qaranlığın toxumu yetişəndə onun taleyini və ümidlərini işıqlandırmadı. Pul gözləyirdi, qazancı isə dünyanı dərdə salan açılı, şirinli bu bar deyil, soyuq və sərt dəmir barmaqlılar olacaq. Çox keçməz ki, söhbətin kimdən getdiyin bilərsiniz. İzləyək.
İsmayıllıda narkotik tərkibli bitkiləri əkib-becərməkləə məşğul olan şəxs saxlanılıb. Uştal kənd sakini qanunsuz əməllərini bir növ gözdən-könüldən uzaq yerdə həyata keçirmək istəyib. Ona görə də bu iş üçün kəndin ərazisindəki meşəliyi seçib. Bununla polisi yanıldacağını düşünsə də, özü yanılıb. Ayıq-sayıq asayiş keşikçiləri 56 yaşlı Rafiq Məmmədovu elə iş başındaca - yetişdirdiyi çətənə kollarına qulluq etdiyi yerdə yaxalayıblar.
Əraziyə baxış zamanı oradan hündürlüyü 2 metr, sayı 57 ədəd olan çətənə kolu aşkar edilib. Polis əməkdaşları bitkiləri kökündən çıxararaq maddi sübut kimi götürüblər. Saxlanılan Rafiq Məmmədov çətənə toxumlarını tapdığını və meşənin ortasındakı boş ərazini kol-kosdan təmizləyərək ora əkdiyini etiraf edib. Dediyinə əsasən, narkotik vasitəni satmaq məqsədilə yox, şəxsi istifadəsi üçün əkib. Amma istənilən halda qanunu pozduğuna görə, cavab verməli olacaq. Açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Vüsalə Camal
- Baxış: 557