2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. Avqustun 22-dək davam edəcək qəbul "ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində aparılacaq. Gəncədə yerləşən peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul yalnız "ASAN xidmət" mərkəzi tərəfindən həyata keçirilir. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Gəncədə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 23 peşə ixtisası üzrə sənəd qəbulu elan edib. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə isə sənəd qəbulu 25 peşə ixtisası üzrə aparılacaq. Qəbul həm dövlət, həm də ödənişli əsaslarla həyata keçirilir. Hər iki tədris müəssisəsində təqdim olunan peşə ixtisasları üzrə illik ödəniş, peşə ixtisasından asılı olaraq 350, 400 manat təşkil edir. Təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik və 3 illik təhsil proqramları əsasında təşkil olunur. İki gün ərzində artıq 185 nəfərin sənədi qəbul edilib. Ötən il “ASAN peşə” layihəsi çərçivəsində Gəncə şəhərində pilot olaraq həyata keçirilən sənəd qəbulu müəssisəsində 648 şəxs ilk peşə ixtisas müəssisələrinə qəbul edilib.
Gülnar Fazilqızı
- Baxış: 542