Müasir dövrdə gənclərin kitaba və mütaliəyə marağını artırmaq üçün müxtəlif layihələr icra edilir. Bu istiqamətdə fəal gənclər də fərdi qaydada təşəbbüs göstərirlər. Belə təşəbbüslərdən biri də kitabların icarəyə verilməsidir.
Əvvəlki illərlə müqaisədə son zamanlar kitab oxuyanların sayında artım müşahidə olunur. Gənclər klassiklərlə yanaşı müasir ədəbiyyata da maraq göstərirlər. Bunu nəzərə alan bəzi gənclər, mütaliəyə olan marağı daha da artırmaq, kitabları daha da əl çatan etmək üçün şəxsi kitablarının icarəsini təklif edirlər. Belə gənclərdən biri də Orxan Əsgərovdur. Orxan 9 ay əvvəl başlayıb bu işə. O vaxtdan indiyə həm kitab sayı artıb, həm də oxucu.
Gənclərin icarəyə kitab götürmək marağı bir neçə səbəbdən yaranır. Birincisi lazım olan kitabların, xüsusi ilə də müasir ədəbiyyatın kitabxanalarda tapılmaması. İkincisi isə satışda olan kitabların baha qiymətə təklif olunması. Hazırda satışda olan kitabların qiyməti təqribən 7 manatdan başlayır. Kitab xarici ölkədən sifarişlə gətizdirilirsə bu məbləğ 12-20 manat arasında dəyişir.
İcarəyə kitab götürənlər də müsahibimin fikri ilə razıdırlar. Bu cür layihələrə dəstək verməyin vacib olduğunu düşünənlər də var.
Orxan deyir ki, hazırda 100-ə yaxın kitab icarədədir. Ən çox oxunanlar isə psixoloji, dedektiv və sevgi janrında yazılan əsərlərdir.
Gülnar Fazilqızı
- Baxış: 1276