Hadisələrdən biri Tovuz rayonunun Aşağı Əyyublu kəndi ərazisində baş verib. Qarşı qarşıya hərəkət dən “Ford” markalı minik avtomobili ilə Qazel markalı yük maşını toqquşub. Qəza nəticəsində “Ford”un sərnişini – Gəncə sakini 50 yaşlı Sevda Həsənova yerindəcə keçinib. Övladları – 22 yaşlı Gülnar, 20 yaşlı Maniya və 5 yaşlı Rəsul Cəfərovlar, eləcə də qaynı – sürücü Aytəkin Cəfərov xəsarət alıb. Yaralılar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir. Məlumata görə, Aytəkin Cəfərov öz qardaşının il mərasiminə getmək üçün onun həyat yoldaşını və övladlarını Tovuz rayonuna aparırmış. Bakı-Qazax magistarlının Yevlaxdan keçən hissəsində bir neçə dəqiqəlik fasilə ilə 3 qəza baş verib. Əvvəlcə iki minik avtomobili toqquşub. Qəzadan yayınmağa çalışan zaman Qazax istiqamətində hərəkətdə olan, qumla dolu "Kamaz" idarəetməni itirərək yol kənarına aşıb. Yük ətrafa dağılıb, sürücü Gəncə şəhər sakini 48 yaşlı Cəmil Həsənov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 4 zolaqlı yolun digər tərəfində isə Bakıya doğru hərəkət edən "Mercedes" və "Lada" markalı avtomobillər toqquşub. Zərbənin gücündən maşınlardan biri yol kənarına düşüb. Qəzalar zamanı avtomobillərdə olan 4 nəfər yüngül xəsarət alıb, təcili yardım birqadası onlara hadisə yerində kömək göstərib. Ələt-Astara magistralının Cəlilabad rayonunun Ocaqlı kəndindən keçən hissəsində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Biləsuvar rayon sakini Vahid Əliyevin və İbrahim Həsənovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Zərbənin gücündən maşınlardan biri yoldan çıxaraq maye qaz doldurma məntəqəsinə çırpılıb. Yanacaqdoldurma avadanlıqları sıradan çıxdığından yüksək təzyiqli qaz ətrafa yayılmağa başlayıb. Təhlükəsizliyin təmin olunmasından ötrü Ələt-Astara magistralı bir müddət nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanılıb. Avtomobillər alternativ yollar vasitəsi ilə hərəkət etməli olublar. Hadisə yerinə yanğınsöndürənlər, eləcə də mütəxəssislər cəlb ediliblər. Maye qaz sızıntısının qarşısı alınıb. Qəza zamanı hər iki avtomobilin sürücüsü yüngül bədən xəsarətləri alıb. Ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib. Bütün faktlarla bağlı araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 489