Gəncə Dövlət Universitetində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin yay semestr imtahanında şəffaflığın təmin edilməsi məqsədiylə “Açıq qapı” günü təşkil olunub. Valideynlər, QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri mediatur zamanı imtahanların gedişini izləyiblər.
Auditoriyalarda imtahanın gedişini izləyənlərə universitetdə yaradılan imtahan qərargahı, apellasiya komissiyası və fəaliyyət göstərən qaynar xətt barədə məlumat verilib. “Açıq qapı” gününün təşkilində məqsəd imtahanın gedişini izləməklə yanaşı, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunmasıdır.
Yediyar Salamov- valideyn: “Mənim 3 nəvəm bu universitetin tələbəsidir. 2-si iqtisadiyyat, 1 isə ingilis dili fakültəsində oxuyur. İmtahanın gedişi üçün hər bir şərait yaradılıb. Tələbələr özlərini tam sərbəst hiss edir. Biliklərinə əmin olanlar imtahandan alnı açıq. üzü ağ çıxırlar”.
Təranə Rzayeva- valideyn: “Doğurdan da özümüz şahidi olduq ki, imtahanlar şəffaf keçirilir. Tələbələrlə söhbət elədik, onlardan imtahanın gedişi ilə bağlı soruşduq, çox da müsbət cavablar aldıq. Mənim qızım da bu gün imtahan verir, çox yaxşıdır”.
Tələbələrə imtahana hazırlaşmaq imkanı da yaradılıb. 1 ay əvvəldən təqdim edilən suallara düzgün cavab verənlər imtahandan qənaətbəxş nəticə ilə çıxıb.
Əsmayə Vəliyeva- tələbə: “Bu günə qədər 5 imtahan vermişəm. 3-ü yazılı olub, 2-si testlə. Bütün imtahanlarımdan 5 almışam. Bugünki imtahanım- sonuncu- fəlsəfə fənnindən idi. Heç bir müdaxilə olmadan imtahanımı başa vurdum, 50 sualdan 41 düz yazaraq 5 aldım”.
Gəncə Dövlət Universitetində yaz imtahan prosesində 6 minə yaxın tələbənin biliyi qiymətləndirilir.
Xaliq Qurbanlı
- Baxış: 671