• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 16.06.2017 16:12

İnfeksion xəstəliklərdən necə qorunmaq olar?

Bizi əhatə edən ətraf mühitdə birgə yaşadığımız infeksiyalar çoxdur. Bunlardan çoxu da xəstəlik daşıyıcısıdır. Orqanizm bir az zəifləyən kimi həmin infeksiya xəstəlik yaradır. Bu özünü xüsusilə az yaşlı, immunitet sistemi hələ tam formalaşmayan körpələrdə büruzə verir. Ona görə valideynlər uşaqların şəxsi gigiyena qaydalarına əməl etmələrinə diqqət etməlidir. Həmçinin həkimlər uşaqlara yaşına uyğun qidaların verilməsini tövsiyə edir.

Şirin Əhmədova- baş uşaq infeksionisti: “Ən çox kəskin respirator virus infeksiyaları, mədə-bağırsaq pozğunluqları ilə bağlı olan xəstələrdir. Analar qida hazırlanması, onun hansı temperaturda hazırlanmasına riayət etməlidir. Yaxud köhnə qidalar, yararlılıq müddəti keçən qidalardan istifadə, həmçinin uşağın yaşına uyğun olmayan qidalar versələr bu mədə-bağırsaq pozğunluğuna səbəb olur. Bunun da əsasında bağırsaq infeksiyası durur”.

Uşaqlar hazırda evdən çox bağçada olur. Ona görə qidaların hazırlanması, saxlanması və təyini də həmin məkanlarda olmalıdır. Əlbəttə valideynlər buna da xüsusi diqqət etməlidir.

Gülnaz Şahməmmədova- aşbaz: “Bağçada yaş qrupları fərqlidir. Yasli də var. Böyüklər də. Balacalar üçün fərqli yeməklər olur. Adətən birinci yemək sulu, ikinci yeməklər yasliyə uyğun təyin edilir. Uyğun olsa hər ikisinə də eyni yemək verilir. Uşaqlara ağır olduğu üçün adətən biz qoyun əti işlətmirik. Mal və toyuq ətindən istifadə edirik. Dünəndən qalan nədir heç 1 saat qalan yeməyi də uşağa vermirik”.

Uşaqların şəxsi gigiyenaya əməl etməsi də kiçik yaşlardan aşılanmalıdır.

Həzrətəli Məhərrəmli: “Əllərim kirlənib. Yuyub, yemək yeməyə gedim”.

Qeyd olunanlarla yanaşı infeksiyaların yayılmasının bir səbəbi də meyvə və tərəvəzlərin yuyulmadan qəbuludur.

Şirin Əhmədova- baş uşaq infeksionisti: “Torpaqla təmasda olan çiyələk, tut yuyulmadan yeyilir. Elə bilirlər ağacdan dərib yemək təmizdir. Ancaq bu heç də elə deyil. Hökmən bütün meyvələr yuyulmalıdır. Toz vasitəsilə mikroblar həmin meyvələrin üzərinə qonur. Onun özü infeksiya mənbəyi ola bilər”.

“Əvvəllər ağacdan meyvəni dərib, yumadan yesək də sağlam idik” deyə düşünəcəyik. Amma həmin vaxt nə ətraf mühit bu qədər çirklənməmiş, nə də texnologiya inkişaf baxımından bu qədər irəli getməmişdi. Övladlarımızdan və özümüzdən müğayat olaq. Hər birimizə sağlamlıq arzusuyla...

 

Jalə Qurbanova