Təhsil nazirliyinin müvafiq əmrinə əsasən Gəncənin bütün orta ümumtəhsil məktəblərində son zəng tədbirləri keçirilib. Səhər saat 10-dan start götürən son zəng 2 saat ərzində məktəb daxilində təşkil olunub. Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, 2016-2017 tədris ilində Gəncənin 44 məktəbindən 2220 şagird məzun adını qazanıb. Məktəblərdə keçirilən tədbirlərin təhlükəsiziliyi təmin etmək üçün təhsil ocaqlarına polis naryadları və təcili tibbi yardım maşınları cəlb olunub. Məktəblərdə məzunlar hazırladıqları müxtəlif səpkidə çıxışlarını nümayiş etdiriblər. Sonda onlar üçün son zəng çalınıb.
Rəksanə Mustafayeva- məzun: “Bu gün biz həm sevinib, həm də kədərlənirik. Sevinirik ki, yeni həyata qədəm qoyuruq. Kədərlənirik ki, doğma məktəbimizdən ayrılırıq. Biz Mircəlal ocağını, məktəbimizin adını daim uca tutcağıq. Gələcək həyatımızda yaxşı təhsil alıb ölkəmizin inkişafına öz töhfəmizi verəcəyik. Bizim üçün çalınan son vida zənginə görə də çox kədərlənirik”.
Elvin Qəribov- məzun: “Mən də çox kədərlənirəm ki, 11 illik tədris həyatımı sonlandırdım. Nə qədər sevincli olsam da bir o qədər kədərliyəm. Mənimlə birgə məzun adına layiq görülən bütün məzunları təbrik edirəm. Onlara gələcək həyatlarına uğurlar arzu edirəm”.
Xaliq Qurbanlı
- Baxış: 588