• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 07.06.2017 16:54

Ayxan Allahverdiyev U-13 liqasının bombardiri olub

KepezTV Player

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar arasında keçirdiyi Azərbaycan birinciliyinin nəticələrinə əsasən Ayxan Allahverdiyev bombardir nominasiyasının qalibi olub. Hücumçu 13 yaşlı futbolçuların liqasında fərqlənib.

Ayxan Allahverdiyev futbol ili ərzində 51 qol vuraraq 2016/2017-ci il mövsümünün ən məhsuldar oyunçusu seçilib. O, 70-dən çox komandanın iştirak etdiyi ölkə birinciliyində 17 oyuna rəqib qapılarından bu qədər top keçirib. Qolçuluq bacarığına görə, həmyaşıdlarından seçilən Ayxan nailiyyətinə görə, AFFA tərəfindən kubok və diplomla təltif olunub.

Ayxan Allahverdiyev- U-13 liqasında 2016/2017-ci il mövsümünün ən məhsuldar oyunçusu: “Uşaq yaşlarımdan futbolla məşğul oluram, atam məni məşq bölməsinə gətirib. Ən böyük arzum “Kəpəz”də, xarici klublarda və millidə oynamaqdır. Komandamız liqada mükafat ala bilməsə də, mən vurduğum vacib qollarla kömək etməyə çalışdım. Yaxşı futbolçu olmaq üçün yaxşı məşq etməli, öz üzərində işləməlisən”.

Yeniyetmə futbolçu Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının müvafiq yaş qrupu üzrə komandasının üzvüdür. O, bacarıqlı uşaq futbol məşqçisi kimi tanınan İlham Səmədovun yetirməsidir.

İlham Səmədov- TRİM-in Gəncə filialının futbol bölməsinin baş məşqçisi: “Ayxan 5 ildir mənim yanımda məşq edir. Öz üzərində işləyən, istedadlı, zəhmətkeş uşaqdır. Bunun nəticəsidir mövsümün bombardiri oldu. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələrə imza atacaq”.

İlham Səmədov hücumçu kimi yetirməsinin üstün tərəflərindən də danışıb. O, Ayxan Allahverdiyevi digərlərindən fərqləndirən cəhətlərdən bəhs edib.

İlham Səmədov- TRİM-in Gəncə filialının futbol bölməsinin baş məşqçisi: “Yaxşı qol duyumu var. Epizodu yaxşı dəyərləndirir, dəqiq zərbə vurur. Tam səmimi deyirəm, kaş ki, komandada olan uşaqların 90 faizi onun kimi məşqlərə ciddi yanaşan, nizam-intizamlı olsun”.

Son mövsümlərdə fərdi keyfiyyətləri ilə ortaya qoyan Ayxan Allahverdiyevin uğurlu çıxışı peşəkar klubların da diqqətini bu futbolçuya yönəldib. 

Azad Rəfi