• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 06.06.2017 23:57

Xocalı polisi Goranboyda narkoplantasiya aşkarladı

KepezTV Player

Məntiqdən danışacayıq. Goranboy sakini Məntiqdən və onun məntiqsizliyindən... Ağrılarını sakitləşdirmək bəhanəsi ilə əkib-becərdiyi narkotik indi onun sözün əsl mənasında başına ağrı olacaq.

Goranboy rayonu Erkəc kənd sakini 51 yaşlı Məntiq Kazımovun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı Xocalı Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında deyilən ünvanda axtarış aparan polis əməkdaşları oradan aqrotexniki qaydada yetişdirilən çətənə kolları və onun toxumlarını, həmçinin qurudulmuş marixuana aşkarlayıblar. Amma bunlar saxlanılan şəxsin evindən tapılan son qanuna ziddlər deyil. Məntiq Kazımovun yaşadığı ünvanda heç bir sənədi olmayan odlu silah və patronlar ortaya çıxıb.

Ramin Şükürov - baş təhqiqatçı: Məntiq Kazımovun mənzilindən ümumi çəkisi 4,032 qram qurudulmuş marixuana, 1,906 qram çətənə kolunun toxumu, eləcə də 12 ədəd aqrotexniki qaydada yetişdirilən çətənə kolları aşkarlanıb. Eyni zamanda yataq otaqlarının birindən heç bir sənədi olmayan 16 kalibrli ov tüfəngi və onun 27 ədəd patronu aşkarlanaraq, götürülüb.

Saxlanılan şəxs narkotik aludəçisi olduğunu və çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini deyib. 51 yaşlı narkotacir gənclərə nəsihət verməyi də unutmayıb.

Məntiq Kazımov - saxlanılan şəxs: Mən onun çəkəniyəm. Ona görə də əkmişdim. Özüm istifadə etmək istəyirdim. Gənclərə tövsiyyəm odur ki, heç siqaret də çəkməsinlər. Bu cür vərdişlərdən uzaq olsunlar.

Hazırda Məntiq Kazımovun barəsində cinayət işi açılıb, istintaq aparılır. Günahı sübuta yetirilərsə bir uşaq atasını bir neçə illik azadlıqdan məhrumiyyət gözləyir.

Natiq Hüseyn