Bu günə xəbərlərin oxunma sayı: 1529
— 03.06.2017 11:56

Göygöl rayonunda yeni turizm marşrutlarının yaradılması planlaşdırılır

KepezTV Player

Yay mövsümündə qonaqlı-qaralı olan Göygöl Gəncəbasarın əsas istirahət məkanlarından sayılır. Ötən il 72 min turist rayonunun gəzməli-görməli yerlərini ziyarət edərək təbiət qoynunda istirahət imkanını da əldən verməyiblər. Bu il 100 mindən artıq qonağın gəlməsi gözlənilən rayonda yeni turizm marşrutlarının yaradılması istiqamətində planlar var.

Çaykənd və Toğanalı kəndləri yayda turistlərin ən çox üz tutduğu yerlərdir. Otelçiliyin elə də ayaq açmadığı bu yerlərdə həftəsonu və ya bir müddətdə istirahət etmək istəyənlər daha çox fərdi yaşayış evlərinə üz tuturlar. Şəraitindən və müddətindən asılı olaraq burada ev kirayələmək mümkündür.

Elmir Rəcəbov- ev sahibi: “Elə adam var uzaq yerdən gəlir gündəlik istəyir. Şəraitindən və müddətindən asılı olaraq evləri günü 15- 20 manata kirayə veririk. Elə adam da var aylıq kirayə götürür, onu da yenə hesablayırıq elə veririk. Yorğan- döşəyi bizdən aylıq başqa qiymətədi, gündəlik başqa qiymətə”.

Kürəkçay boyu, bir tərəfi meşəli dağlar olan əraziyə turist axını nəzərə alınaraq son illər az da olsa kiçik tipli turizm obyektləri də istifadəyə verilib.   

Asəf İsmayılov- ailəvi istirahət mərkəzinin inzibatçısı: “Koteclərimizin qiyməti standart olaraq 80 manatdan başlayır. Otel xidmətindən istifadə edə bilərlər, ailəvi istirahət mərkəzindən istifadə edə bilərlər, bununla belə restoranımızdan istədikləri milli yeməkləri sifariş edə bilərlər. Kotecdə qalmaq üçün nə lazımdırsa hər bir xidmət daxildir”.

İstirahətlə yanaşı, bölgəyə üz tutanlar üçün turist marşrutları da təklif edilir ki, bu da tarixi məkanların, müasir tikililərin gələn qonaqlara tanıdılmasına xidmət edir.

Şərqiyyə Hümbətova- Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin Göygöl rayon nümayəndəsi: “Hazırda rayon üzrə 5 istiqamətdə Göygöl şəhəri, Nurud kəndi, Dozular kəndi, Quşqara kəndi və Göygöl gölü istiqamətinə turizm  marşrutları fəaliyyət göstərir”.

Rayona gələn qonaqların, artan sayı nəzərə alınaraq turist marşrutlarının sayının artırılması nəzərdə tutulur.

Elton Cabbarlı