Ötən ilin aprelində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid düşən kapitan İnqilab Quliyevə həsr olunan ekran əsəri ARB və ASAN-ın birgə işidir.
“ARB Kəpəz” kanalı və “ASAN" Xidmətin Gəncə Regional bölməsinin birgə əməkdaşlığı ilə ərsəyə gələn filmin təqdimatında rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux Rayon Bölməsinin, rayon Təhsil şöbəsinin, Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, şəhidin ailə üzvləri və filmin yaradıcı heyəti iştirak edib. Filmin ərsəyə gəlməsində texniki və təşkilati dəstək göstərən əsas tərəfdaşlara təşəkkürnamələr təqdim olunub. Rəsmi hissədən sonra məktəblilərin hazırladığı kiçik səhnəciyə tamaşa edilib. Daha sonra isə film nümayiş olunub. Kapitan İnqilab Quliyevin həyatı, igidliyi və şücaətindən bəhs edən filmin xronometrajı 66 dəqiqədir. Şəhidin ailə üzvlərinin, yaxın qohumlarının, müəllimlərinin və sinif yoldaşlarının müsahibələrinin də yer aldığı filmin çəkilişləri Gəncə şəhəri və Beyləqan rayonunda aparılıb.
Aygün Həsənzadə- Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru: “Belə filmlərin təqdimatı bizim yetişən gənc nəsildə fəal vətəndaşlıq, vətənpərvərlik hissləri formalaşdırmağa yardımçı olur. Bu gün də Samuxda, Samux gəncləri ilk dəfə olaraq “4 Aprel" filmini izlədilər. Çox təsirli idi. Düşünürəm ki, onların yaddaşında bizim şəhidimizin xatirəsi əbədi olaraq qalacaq”.
Filmin layihə rəhbəri Elnur Şabahzadədir. Ssenari müəllifi Gülnar Fazilqızı olan ekran əsərinin redaktə işi Zülfiyyə Telmanqızına məxsusdur. Filmin montaj rejissoru Rəhim Hətəmov, quruluşçu operatorları Pərvin Məmmədov, Fərrux Qafarov və Elçin Rəhimoğludur. Yaradıcı heyətdə eyni zamanda qrafist-dizayner Səxavət Abdıyev və müxbir Fidan Muradlı da yer alıb. Sənədli filmi Ceyhun Əli səsləndirib.
Çingiz Quliyev- şəhidin atası: “Mən bu gün qürur hissi keçirirəm. Nə qədər ki, oğlum unudulmayıb, deməli mən də unudulmamışam, mən də yaşayıram. Ən ağır dərd unudulmaqdır. Qoy bu hal bizim gənclərə də örnək olsun. Onlar bilsinlər ki, vətən uğrunda canından keçənlər unudulmur”.
Ekran əsərinin Samuxdan əvvəl Bakıda və Gəncədə ictimai təqdimatı olub.
Gülnar Fazilqızı
- Baxış: 857