• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 25.05.2017 15:49

İpək qurdlarının yemlənib məhsul əldə edilməsi sahəsində yenilik əldə edilib

KepezTV Player

Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun elmi işçiləri barama ipək qurdlarının yemlənib məhsul əldə edilməsi sahəsində yenilik əldə edib. Belə ki, aparılan sınaq təcrübəsində barama qurdları vaxtından 10 gün əvvəl şaxa qalxaraq ipək sarımağa başlayıblar. 

Füzuli Mirzəyev- Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun direktor əvəzi: “Ümumiyyətlə, barama qurdu adətən 28-30 günündə kəşfiyyatçı göstərir və sarımaq üçün şaxa qalxmağa başlayır. Biz də təcrübə məqsədi ilə özümüzün yetişdirdiyimiz 2 qutu ipək qurdu hibritləri gətirdik. Mühitin dəyişməsi ilə əlaqədar ənənəvi yerdə yox, institutun həyətində belə bir yer təşkil elədik və təcrübə məqsədi ilə saxladıq ki, görək mühitin dəyişməsinin buna təsiri olacaqmı?”

Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun elmi işçilərinin 20 gün  apardıqları elmi təcrübə sınağı ilkin olaraq öz müsbət nəticəsini verib. Belə ki, institutun elə elmi işçilərinin yaratdığı “Gəncə 6” barama qurdları vaxtından 10 gün əvvəl şaxa qalxaraq ipək sarımağa başlayıb. İnstitutun mütəxəssisləri isə bunu baramaçılıq sahəsində uğurlu bir nəticə kimi qiymətləndirir.
 

Füzuli Mirzəyev- Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun direktor əvəzi: “Əlbəttə bu yenilikdi, özü də müsbət yenilikdi. Belə götürsək yetişdirmədə, texnologiyada ola bilər 1-2 gün fərq edə bilər. Bu normal haldı. Birdən- birə 9-10 gün fərq etməsi çox yaxşı haldı. Gör nə qədər əmək sərfinə, yemləməyə qənaət olunur. Doğrudan da bu alınsa böyük prosesə təkan verər”.

İnstitutun elmi işçiləri sınaq təcrübə müddətində barama qurdlarına xüsusi qaydada qulluq edib. Mütəxəssislər bunun təcrübəyə müsbət təsir etdiyi qənaətindədir.

Mehriban Həsənova- böyük elmi işçi: “Körpə vaxtından iki saatdan bir yemləmişik. Üç gündən bir küməsini eləmişik. Qurdlar böyüdükcə yaş dövrünə görə seyrəltmişik ki, inkişafları yaxşı getsin. Böyüdükdən sonra isə yaş dövrünə uyğun olaraq 4 saatdan bir yemləyirik. İstiliyi də 23-25 dərəcədir. Vaxtlı-vaxtında təbii tut yarpağıyla yemləyirik”.

Barama qurdları üçün ancaq qara tut ağacının yarpağı verilir. Bu tutun yarpağı həm yumşaq, həm də daha məhsuldardı.

Hazırda təcrübədə barama qurdları üzə çıxır. Qurdlar 10 gün müddətinə sapın toxumasını həyata keçirəcək.

Şəbnəm Məmmədli- elmi işçi: “Qutularda şaxlar qoyulur və müəyyən müddət ərzində barama toxuyur. Toxuduqdan sonra barama qurumağa buraxılır. Bir həftəyə quruduqdan sonra şaxdan dərməyə başlayırıq. Eləsi var toxum almaq üçün ayırırıq. Qalanları isə istehsalat üçün- onlar xüsusi şəraitdə buğ vasitəsi ilə içindəki puplar öldürülür ki, o baramanı zədələyib çıxmasın”.

Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun elmi işçiləri 10 gündən sonra mütəxəssislərlə birlikdə bu barama qurdlarının ənənəvi məhsuldarlığa müsbət təsir edib etməməsini araşdıracaq. Əgər bu hal gözləniləndən yüksək nəticə verərsə elmi işçilər barama sahəsində yeniliyə imza atmış olacaqlar. Ümumilikdə isə İnstitutun genofondunda 82 cins barama mövcuddur ki, bundan 50-i yerlidir. Bu baramalardan da çoxu institutun elmi işçiləri tərəfindən yaradılıb. Qalan 32 cins barama isə Çin və İrandan gətirilib.

 

Elnur Vahidoğlu