Son illər ölkəmizdə heyvanların baş sayının artırılması əsasən süni mayalama yolu ilə həyata keçirilir. Şəmkirli fermerlər də bu üsuldan maksimum yararlanır. Hazırda rayon ərazisində 61 min baş iri buynuzlu mal-qara bəslənilir ki, onların da cins tərkibinin yaxşılaşdırılması üçün mütəmadi olaraq süni mayalamadan istifadə olunur.
Şəmkirin Qasım İsmayılov kəndində əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Yerli fermerlər baytar texniklərin yardımından bəhrələnərək heyvanların cins tərkibini süni mayalama yolu ilə yaxşılaşdırır.
Tərbiyyət Kazımov- texnik: “100 mala qarşı 80 bala almaq mümkündür. Hətta daha çox da almaq olar. Sadəcə olaraq burada vətəndaşın bizə diaqnostikasında kömək edəndə lap yaxşı nəticə olur”.
İndi Şəmkir rayonunda tək Qasım İsmayılov deyil, digər kəndlərdə də heyvanların baş sayı bu yolla artırılır. Dövlət tərəfindən süni mayalama yolu ilə alınan hər buzova görə 100 manat subsidiyanın verilməsi bu sahəyə marağı bir xeyli artırıb.
Namil Alıyev – fermer: “2009- cu ildən mən heyvanları süni mayalandırıram. Bu il də 10 baş mayalandırmışam. Onundan da sağlam bala alınıb. Hələ süni mayalanmadan alınan düyələrdən də bala aldığım olub”.
Akif Hüseynov- fermer: “Hardasa 10-ə qədər inək mayalandırmışam. Hamısı da tutub. Buzovlar da sağlamdır”.
Şəmkir rayon Baytarlıq İdarəsindən verilən məlumata görə, əvvəlki illərlə müqayisədə 2017-ci ildə süni mayalanma yolu ilə alınan heyvanların baş sayında artım müşahidə olunur. Geridə qalan beş ay ərzində bu üsulla 190 baş müxtəlif cins tərkibli buzov alınıb.
Natiq Hüseyn
- Baxış: 1220