Gəncədə keçirilən reydin bu dəfəki hədəfi sürücülər yox, sakinlər olub. Özü də sərf etdikləri suyun pulunu ödəməyən abonentlər. İşlətdikləri suya görə pul verməyənlərin aqibəti isə belə olacaq.
Keçirilən reyd zamanı belə aqibət yaşayan abonentlərin sayı 15 olub. Şəhərin müxtəlif ərazilərində su pulu verməyənlərin qapısını döyən “Gəncə Su Kanal” Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşları heç də istəklərinə nail ola bilməyiblər.
Elə abonentlər var ki, aylarla, hətta illərlə sərf etdikləri suyun pulunu ödəmir. Belə sakinlər cəmiyyət işçilərinə heç qapı belə açmırlar.
Rüfət Bəşirov- sahə rəisi: “Elə abonentlərimiz var ki, 700, 800 manat borcları var, amma heç bir halda ödəniş etmirlər. Dəfələrlə xəbərdarlıq edirik, ünvanlarına bildirişlər təqdim edirik və heç bir nəticə əldə edə bilmirik. İdarə işçilərinin maaşını verə bilmir, işıq idarəsinə borcumuz olur, ödəniş edə bilmirik. Biz də çətinliklərlə üzləşirik. Xahiş edirik ki, hər bir abonent ödənişlərini vaxtlı-vaxtında ödəsinlər”.
“Gəncə Su Kanal” Törəmə Səhmdar Cəmiyyətinin 4 briqadası tərəfindən şəhər ərazisində keçirilən reydlər ayın sonunadək davam edəcək. Gəncədə sudan istifadə edən 63 minə yaxın abonent var ki, bunun da yalnız 30 mini suya görə mütəmadi olaraq ödəniş edir.
Elnur Vahidoğlu
- Baxış: 715