• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 12.05.2017 15:34

Aqromexanika Elmi-Tədqiqat İnstitutunun elmi nəticəsi istehsalatda tətbiq olunur

KepezTV Player

Kəndli fermer təsərrüfatları və emal müəssisələri üçün nəzərdə tutulan 4 yeni qurğu sınaqdan keçirilib. Aqromexanika Elmi-Tədqiqat İnstitutu işçilərinin ixtirası olan texnikalar aşağı gərginlikdə, az enerji sərf etməklə çalışmaqla istehsalçıların işini asanlaşdıracaq. Qiyməti xaricdən alınan eyni adlı məhsuldan 2 dəfə ucuz olan qurğuların tələbata uyğun kütləvi istehsalı planlaşdırılır.

Qozu qərzəkdən təmizləyən, yem xırdalayan, qarğıdalı dənini qıçadan ayıran və quru otdoğrayan qurğular 5 illik tədqiqat işinin məhsuludur. Patent alaraq “Aqrolizinq”in Gəncə, Şirvan və Ucar rayonlararası təchizat bazalarına paylanan mini qurğular quruluş etibariylə çox sadədir, istismarı isə asandır.

Kamil Fətəliyev- Aqromexanika Elmi-Tədqiqat İnstitutunun direktoru: “İş ömrü minimum 7-8 ildir. Qurğular özü isə qiymətini maksimum 6 aya çıxarır. Həmin qurğuların sutkalıq məhsuldarlığı saatda 200-250 kq- dır. Gün ərzində 8 saatlıq işləsə ton yarım məhsulu emal edə bilir. Buradakı mühərriklərin gücü 1.5 kvatdır. Qaba yemləri xırdalayan maşın 4 kvatlıqdır. Kvat 6 qəpik olduğundan az enerji sərf edir. Bu maşınlar məişət gərginliyində çalışır”.

Mütəxəssislər yemin mütləq emal olunmuş halda heyvana verilməsini vacib sayır. Çünki yem xırdalanmadan, emal olunmadan heyvana verilsə o cür də ifraz olunur. Qaba yem isə xırdalanmadan verilsə bir hissə ağzı ilə yerə tökülür, ayağı ilə tapdalanır. Hər iki halda yemin 15%-i itkiyə gedir. Ona görə təkcə qaba yemləri doğrayan və yem xırdalayan qurğuların heyvandarlıq təsərrüfatı olanlar üçün iqtisadi səmərəsi böyükdür. Bununla yanaşı, gün ərzində bir fəhlə 100 kq qarğıdalını qıçadan çətinliklə ayırır. Bu qurğu isə 12 fəhlənin işini əvəz edir.

İsrail Məmmədov- baş konstruktor: “Bunu hazırlamaqda əsas məqsədimiz əl əməyinin mexanikləşdirilməsinə xidmət edir. Bunların kənd təsərrüfatında tətbiqi üçün çox böyük tələbat var. Bu tələbata biz çalışırıq cavab verək. Bu istehsal özümüzünkü olduğuna görə bütün xərclər özümüzə qalır. Kiçik qabaritli kənd təsərrüfatı maşınlarının 30%-ni özümüzdə istehsal etsək bu böyük dönüş olar”.

Elə fermerlər üçün də qurğunun iqtisadi səmərəsi var. Kənd Təsərrüfatı Nazirliyinin maliyyə dəstəyi, “Aqrolizinq”in xətti ilə istehsal olunan maşınları əldə etmək üçün 40%-lik güzəştin edilməsi də planlaşdırılır.

Kamil Fətəliyev- Aqromexanika Elmi-Tədqiqat İnstitutunun direktoru: “Qiyməti də ucuzdur. Zavod şəraitində öz müəssisəmizin məhsuludur. İşçi qüvvəsi də özümüzdən istifadə olunub. Məsələn, başqa yerdən yem xırdalayan maşın fermerə satış qiyməti 1200 manata gəlsə bizim qurğular isə iki dəfə az qiymətə başa gəlir”.

Aqromexanika Elmi-Tədqiqat İnstitutunun apardığı araşdırmalara görə, ölkə üzrə 20 minə qədər ot doğrayan, 5 min ədəd yem xırdalayan, 1000 ədəd qozu qərzəkdən təmizləyən qurğuya, 1500 ədəd isə qarğıdalını qıçadan ayıran maşına tələbat var.

Jalə Qurbanova