• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 08.05.2017 10:22

FES uçot dərəcəsini 2 dəfə artıracaq

Federal Ehtiyyatlar Sistemi ənənəvi olaraq bu ay üçün keçirdiyi növbəti iclasında gözlənildiyi kimi uçot dərəcəsini olduğu kimi saxladı. Yəni 0.75-1% arallığında. Elə ona görə hələ ki, fond birjaları və maliyyə bazarlarında ciddi dəyişiklik nəzərə çarpmır. Amma gözlənilir ki, hələ FES uçot dərəcəsini 2 dəfə artıracaq.

Öncədən də proqnoz edilmişdi ki, FES bu ilin birinci yarısının sonunadək uçot dərəcəsinə toxunmayacaq. Ona görə ki, bu ilin martında 0.25% artımla belə bir addım atılıb. 2016-cı ilin dekabrında isə FES-in rəhbəri Cannet Yellen bəyanat vermişdi ki, 2017-ci il ərzində uçot dərəcəsində 3 dəfə artım olacaq.

Pərviz Heydərov- iqtisadçı: “Bunlardan biri mart ayında olub. Bu il ərzində iki dəfə artırlacağını indidən söyləmək çox çətindi. Ona görə ki, bu ilin birinci rübü üçün ABŞ-ın iqtisadiyyatında o qədər yüksək nəticələr əldə olunmayıb. ÜDM gözlənildiyi qədər artmamışdı. Ona görə mən gözləmirəm ki, FES qərarını iki dəfə də artıracaq”.

Dollar dünya valyutası rolunda çıxış etdiyi üçün FES uçot dərəcəsini qaldıran kimi fond birjası və dünya maliyyə bazarlarında bu valyutanın mövqeləri möhkəmlənir. Digər valyutalar və xammalın qiyməti isə nisbətən enir. Bu tendensiya neftin qiymətinə də aiddir. Düzdür bu dəfə neftin qiymətində bir qədər eniş müşahidə olunsa da ekspertlərin fikrincə bu FES-in qərarı ilə əlaqəli deyil.   

Pərviz Heydərov- iqtisadçı: “Amma 3-cü bu ilin martında qəbul edilən qərar əvvəlkilərə nisbətən dünya maliyyə bazarları və fond birjalarında əvvəlkilər qədər rezonans yaratmadı. Xüsusən də neftin dünya bazarlarındakı qiymətlərində ucuzlaşma baş vermədi. Çünki biz FES-in qərarının rezonansından danışanda neftin qiymətinə diqqət etməliyik. Çünki dollar möhkəmlənəndə neftin qiyməti aşağı düşür”.

FES-in mart ayındakı qərarından sonra dollar bir o qədər də möhkəmlənmədi. Buna görə neftin qiyməti də azalmadı. Mayın 3-də verilən qərar da neytral xarakter daşıdığından o, qara qızılın dəyərinə mənfi təsir edə bilməzdi. Neftin qiymətində hazırda ucuzlaşma olsa da bu başqa səbəblərlə əlaqələndirilir. FES-in qərarlarının birbaşa olaraq Azərbaycanın milli valyutasının dəyərinə də heç bir təsiri yoxdur. Həm də ona görə ki, manat Çin yuanı, Yapon yeni, Avropa İttifaqının avrosu kimi sərbəst dönərli valyuta deyil.

Pərviz Heydərov- iqtisadçı: “Manatın arxasında faktiki olaraq bugünkü gün üçün neftdən başqa heç nə dayanmır. Düzdür bu istiqamətdə işlər gedir. “Made in Azerbaijan” brendinin dünya bazarlarında tanıdılması mövqelərinin möhkəmləndirilməsi, amma bu hələ uzun müddətli bir prosesdir. Bu dolayı olaraq baş verir. FES uçot dərəcəsini qaldıranda dollar möhkəmləmlənməsi fonunda neftin qiyməti düşür. Manatın arxasında isə neft dayandığı üçün manatın məzənnəsi enir”.

FES-in növbəti iclasları iyun, iyul, sentyabr, oktyabr, və dekabr aylarında olacaq.

Jalə Qurbanova